“Bundan sonra övladlarımın, nəvələrimin yaxşı yaşamaları üçün nələrsə etmək istəyirəm” – MÜSAHİBƏ

Dünən 65 yaşı tamam olan Azərbaycan millisinin sabiq futbolçusu, SSRİ çempionatında çıxış etmiş və müəyyən müddət “Kəpəz”də baş məşqçi kimi çalışmış Yaşar Vahabzadə Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Həyatdakı ən böyük arzunuz nə olub və buna nail ola bilmisiz?

– Uşaqlıqdan futbolla məşğul olmuşam. Əsas hədəfim “Neftçi”də oynamaq idi. Bəli, o arzuma çatmışam, SSRİ çempionatında “Neftçi”nin heyətində çıxış etmişəm. Müstəqillik dövründə də Azərbaycan çempionatında iştirak etmişəm. İstəyim olub ki, milli komandada da oynayım. Düzdür, o dövrdə yaşım artıq 35-ə çatmışdı. Az da olsa, millinin heyətində seçmə mərhələdə 6-7 oyunda iştirak etdim. Futbolçu kimi hədəflərimə, istəyimə nail olmuşam. Həm “Neftçi”də oynadım, həm də müstəqillik dövründə milli komandada çıxış etdim. Mənə deyirdilər ki, “bəsdir oynadın”. Amma mən qarşıma məqsəd qoymuşdum ki, 40 yaşıma kimi oynayım. Elə də oldu. 40 yaşımda birinci dövrəni tamamlayıb, ikinci dövrədə karyeramı başa vurdum. Daha sonra məşqçilik dövrü başladı.

Bundan sonrası üçün hansısa hədəfiniz, planınız var?

– Yox, bundan sonra hədəf, plan deyəndə ki, əsas odur canımız sağlam olsun. Bu yaşdan sonra hansısa hədəf demək olar ki, yoxdur. Yoxdur deyəndə ki, insan nəyisə istəyir, arzulayır. Bundan sonra övladlarıma, nəvələrimə nəyisə arzulayıram, onların yaxşı yaşamaları üçün nələrsə etmək istəyirəm.

Vaxtı ilə “Kəpəz”i çalışdırmısız. Bu komandanın hazırkı durumu ilə bağlı nə deyə bilərsiz?

– Müəyyən müddət “Kəpəz”də çalışdım. Bu gün bu komanda haqda yalnız xoş sözlər demək olar. Mətbuatda yazılanların nə dərəcədə düz, doğru olduğunu deyə bilmərəm. Oyun baxımından komandanın çıxışını götürsək, görürsən ki, düzdür, Premyer Liqada qalmaq uğrunda mübarizə aparırlar. Amma hər halda, hamı bilir ki, büdcə azdır, komandanın öz meydançası yoxdur. Düzdür, tovuzlular sağ olsunlar, “Turan Tovuz”un rəhbərliyi şərait yaradıb. Amma istər-istəməz, rəqib meydançasıdır. Gəncədə oynasalar, ab-hava başqa olar. Bu çətinliklərin fonunda komanda pis təəssürat bağışlamır.

Mətbuatı yəqin ki, izləyirsiz, “Kəpəz”in stadionu növbəti mövsümdən istifadəyə veriləcək…

– Bəli, məlumatım var. Öz meydançasının olması, azarkeş dəstəyi istər-istəməz komandaya əlavə ruh yüksəkliyi verəcək, oyunçularda motivasiyanı artıracaq. Mətbuatı izləyirəm, yeni sponsor gəlir, kimsə komandanı himayəsinə götürəcək. Yəni, bu şərait düzələndən sonra, həmçinin, yaxşı bazaları, məşq etməyə imkanları var. Əsas da odur ki, stadionları olsun, ev oyunlarını öz meydançalarında keçirsinlər. Yenə deyirəm, komanda çempionatda oynayır, pis təsir bağışlamır. Sponsor gəldikdən sonra bir az da keyfiyyətli oyunçular cəlb olunarsa, hər halda, normal bir “Kəpəz” görəcəyik.

Hətta belə bir məlumat var ki, yeni sponsor gəldikdən sonra “Kəpəz” baş məşqçisi Azər Bağırovu göndərib, “sükan”ı əcnəbi mütəxəssisə tapşıracaq. Bununla bağlı nə düşünürsüz?

– Yerli, cavan məşqçidir, bacarığını öz işi ilə göstərir. Aşağı büdcə ilə komandanı formalaşdırır, komandanın öz oyun sistemi var. Çətin günlərində Azər Bağırov gəlib komandanı formalaşdırdı. Komanda öz oyunu ilə seçilir. Düzdür, çempionat hələ bitməyib, amma mənə elə gəlir ki, öz mövqelərini möhkəmlədəcəklər. Amma bu gün şərait yaxşı olacaq, sponsor gəlir, deməli, Azər Bağırov lazım deyil? Niyə? Xeyir, mənə elə gəlir ki, yenə də Azər müəllimə şans vermək lazımdır. Cavan kadrdır, işi də göz qabağındadır.

Daha bir şans verilsəydi, əvvəllər baş məşqçisi olduğunuz hansısa komandanı yenidən çalışdırmaq istərdiz?

– Bilirsiz necədir? Açığı deyim, yox. Yəni, bugünkü gündə yaş o yaş deyil. Əsəb, stress – belə şeylər bir növ adamı uzaqlaşdırır. Bizdə azərbaycanlı məşqçilərə bir az inam olmalıdır, işləməyi bacarırlar. Amma bizim rəhbər şəxslər səbirsizdir. Həmin dəqiqə nəticə istəyirlər. Hər şey birdən-birə düzəlmir axı, yavaş-yavaş olmalıdır. Yenə də deyirəm, cavan məşqçilərimiz var, işləyirlər.

Milli komanda ilə, Fernandu Santuşun işi ilə bağlı nəsə demək istəyirsiz?

– Yox. Milli komanda ilə bağlı nəsə danışmayaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button