ÇL: “Mançester Siti”, PSJ, “Real” və “İnter” pley-offda!
Dünən Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun qarşılaşmaları keçirilib.
E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş “Bayern” Ukraynada Kiyev “Dinamo”sunun qonağı olub və növbəti qələbəsini qazanıb. “Barselona” isə İspaniyada “Benfika”nı qəbul edib. Kataloniya təmsilçisi qalib gələcəyi halda, qrupdan çıxan 2-ci komanda olacaqdı. Amma bu görüşdə qapılara qol vurulmayıb.
F qrupunda “Mançester Yunayted” İspaniyada “Vilyarreal”la qarşılaşıb və inamlı qələbəyə sevinib. Qrupun digər matçında “Atalanta” İsveçrədə “Yanq Boyz”u sınağa çəkib. Qonaqlar bu qarşılaşmada xal itirərsə, “Vilyarreal” – “Mançester Yunayted” görüşünün qalibi sona 1 tur qalmış mərhələ adlayacaqdı. Belə də olub. Altı qolun qeydə alındığı matç heç-heçə bitib. Nəticədə “Mançester Yunayted” pley-offa vəsiqəni təmin edib.
G qrupunun lideri “Zalsburq” Fransada “Lill” ilə üz-üzə gəlib. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə əldə edəcəkdi. Lakin Fransa çempionu bu görüşdən qalib ayrılıb. “Sevilya” da evdə “Volfsburq” üzərində inamlı qələbə qazanıb. Bu qrupda bütün suallara son turda aydınlıq gələcək.
H qrupunda “Yuventus”dan sonra “Çelsi” də pley-offa vəsiqəni təmin edib. Bunun üçün London klubu evdə Turin təmsilçisinə məğlub olmamalı idi. Amma “zadəganlar” buna darmadağınla nail olublar. Qrupun digər oyununda “Zenit” İsveçdə “Malmö” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib.
A qrupunda “Mançester Siti” evdə PSJ ilə qarşılaşıb. “Şəhərlilər” qələbə qazanacağı halda, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Mümkün heç-heçə isə hər iki komandanı növbəti mərhələyə çıxara bilərdi. Bunun üçün digər matçda “Leyptsiq” Belçikada “Brügge”yə uduzmamalı idi. “Mançester Siti” evdə əzmkar qələbəyə, “Leyptsiq” isə səfərdə darmadağına sevinib. Bu nəticələrdən sonra İngiltərə və Fransa təmsilçiləri növbəti mərhələyə yüksəlib.
B qrupunda pley-offa çıxması rəsmiləşən “Liverpul” doğma meydanda “Portu” ilə üz-üzə gəlib. “Milan” isə səfərdə Madrid “Atletiko”su ilə münasibətlərinə aydınlıq gətirib. Dieqo Simeonenin başçılıq etdiyi komanda evdə uduzsa, “Portu” isə çətin səfərdə “Liverpul”a qalib gəlsə, portuqaliyalılar bu qrupdan çıxan ikinci kollektiv olacaqdı. Amma İngiltərə təmsilçisi növbəti, İtaliya klubu isə ilk qələbəsini qazanıb. Nəticədə qrup ikincisinin kimliyinə sonuncu turda aydınlıq gələcək.
C qrupunda “Beşiktaş” pley-offa vəsiqəni rəsmiləşdirən “Ayaks”ı qəbul edib. Dörd turdan sonra xalı olmayan “qara qartallar” Avropa Liqasının pley-offuna düşmək üçün qələbə qazanmaqla yanaşı, Portuqaliyada “Sportinq” və Almaniyanın “Borussiya” (Dortmund) klubları arasında oynanılan görüşün nəticəsini gözləməliydi. Bu qarşılaşma heç-heçə və ya meydan sahiblərinin qələbəsi ilə başa çatacağı təqdirdə, İstanbul təmsilçisi avrokuboklarla vidalaşacaqdı. Dortmundlular qalib gələcəyi halda isə sona 1 tur qalmış pley-offa vəsiqəni təmin edəcəkdi. “Beşiktaş” “Ayaks”la oyunda növbəti məğlubiyyətinə üzülüb. “Sportinq” isə “Borussiya”nı məğlub yola salmaqla qrup ikinciliyini ələ keçirib.
D qrupunda “İnter” evdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Qrupun digər oyununda isə Madrid “Real”ı Moldovada “Şerif”lə üz-üzə gəlib. Milan və Madrid təmsilçiləri qələbə sayəsində pley-offa vəsiqə qazanıblar.
Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur
23 noyabr
E qrupu
Dinamo (Kiyev, Ukrayna) – Bayern (Almaniya) 1:2
Qol: Qarmaş, 70 – Levandovski, 14. Koman, 42.
Barselona (İspaniya) – Benfika (Portuqaliya) 0:0
F qrupu
Vilyarreal (İspaniya) – Mançester Yunayted (İngiltərə) 0:2
Qol: Ronaldo, 78. Sanço, 90.
Yanq Boyz (İsveçrə) – Atalanta (İtaliya) 3:3
Qol: Sibaço, 39. Syerro, 80. Hefti, 84 – Sapata, 10. Palomino, 51. Muriel, 88.
G qrupu
Sevilya (İspaniya) – Volfsburq (Almaniya) 2:0
Qol: Cordan, 13. Mir, 90+7.
Lill (Fransa) – Zalsburq (Avstriya) 1:0
Qol: David, 31.
H qrupu
Malmö (İsveç) – Zenit (Rusiya) 1:1
Qol: Rieks, 28 – Rakitski, 90+2-pen.
Çelsi (İngiltərə) – Yuventus (İtaliya) 4:0
Qol: Çaloba, 25. R.Ceyms, 56. Hadson-Odoi, 58. Verner, 90+5.
24 noyabr
C qrupu
Beşiktaş (Türkiyə) – Ayaks (Niderland) 1:2
Qol: Gezzal, 22-pen – Haller, 54; 69.
Sportinq (Portuqaliya) – Borussiya (Dortmund, Almaniya) 3:1
Qol: P.Qonçalves, 30; 39. Porro, 81 – Malen, 90+3.
D qrupu
İnter (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna) 2:0
Qol: Dzeko, 61; 67.
Şerif (Moldova) – Real (İspaniya) 0:3
Qol: Alaba, 30. Kroos, 45+1. Benzema, 56.
B qrupu
Liverpul (İngiltərə) – Portu (Portuqaliya) 2:0
Qol: Alkantara, 52. Salah, 70.
Atletiko (İspaniya) – Milan (İtaliya) 0:1
Qol: Messias, 87.
A qrupu
Mançester Siti (İngiltərə) – PSJ (Fransa) 2:1
Qol: Sterlinq, 63. Q.Jezus, 76 – Mbappe, 50.
Brügge (Belçika) – Leyptsiq (Almaniya) 0:5
Qol: Nkunku, 12; 90+3. Forsberq, 17; 45+1. A.Silva, 26.
Bombardir: Robert Levandovski (“Bayern”, Almaniya) – 8 qol.
Bizi Facebook-da izləyin