“Bizim futbolçularda arxayınlıq yaranır, üç dəfə tərifləyəndə, 4-cü gün qəlyanxanada görəcəksən” – Müsahibə
Bu gün Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün püşkatma mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, püşkatma mərasimindən sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin mətbuat konfransı keçirilib. Musayev jurnalistlərlə görüşdə bunları deyib:
- Futbol bayramını qeyd edirik. Klublarımızı təbrik edirəm. İki klubumuz avrokuboklarda mübarizəni davam etdirir, hər iki kluba uğurlar arzu edirik. Digər klublara isə növbəti mövsümdə uğurlar arzu edirik. “Neftçi”nin “Arsenal” (Rusiya) üzərindəki qələbəsindən sonra telefonum susmadı, çoxsaylı təbriklər gəldi. Bu qələbə qonşu ölkənin komandaları üzərində ilk qələbəmiz idi. Hər kəsə uğurlar arzu edirik. Gələcək mövsümdə 8 komanda deyil, 10 komanda ilə başlayacağıq. Bu qərar qüvvədədir. İnanıram ki, getdikcə komandaların sayı artacaq. Keçən mövsümkü gərginliyi az hiss etsək də, nəticə xoş oldu. İki klub çempionluq uğrunda mübarizə aparır. PFL yaranandan hələ olmayıb ki, ilk pillələri tutan komanda sonra öz sözünü deyə bilməsin. Bu da o deməkdir ki, çempionatda haqq-ədalət var. Yeni mövsümdə də kim güclüdür, o da qalib gələcək. Sponsorumuz öz sponsorluğunu dayandırdı. Yeni sponsorlar isə “Topaz”dan daha çox məbləğ təklif edir. Hələ ki, ümidimiz var, danışıqlar gedir. Yəqin ki, ayın 16-na qədər hər şey dəqiqləşər. Ümid edirik ki, hər şey klublarımız üçün yaxşı olar. 1-ci divizion üçün də bu prosesləri etməyə çalışırıq.
- “Qəbələ” 1-ci divizionda iştirak etməyəcəyi üçün cərimə olunacaq?
- Bəli, 50 min manat məbləğində.
- 1-ci diviziondakı klublara iştirak üçün pul veriləcək?
- Bəli, hər birinə 50 min manat.
- 1-ci diviziondakı vəziyyət necədir?
- 13 komanda iştirak edəcək.
- Növbəti mövsüm üçün 10 komandanın iştirak edəcəyini dediz. Bu, Premyer Liqadakı klubları arxayınlaşdırmayacaq?
- İnanmıram bu məsələ klubları arxayınlaşdırsın. Hələ neçə komandanın gələcəyi bilinmir.
- “Qarabağ”ın püşkünü necə dəyərləndirirsiz?
- İndidən danışmağa dəyməz.
- 8 komanda var, artıq iki komanda əvvəlki gücündə olmayacaq, “Səbail” və “Qəbələ”. PFL prezidenti kimi bundan narahat olmursuz?
- Hər yerdə güclü və zəif tərəflər var. Elə komandalar da var ki, deyir əsas odur çempionatda qalım. Narahatlığa əsas yoxdur. İnanıram ki, öz yerli futbolçularımız daha çox canfəşanlıq edəcək. Bizim futbolçularda arxayınlıq yaranır, üç dəfə tərifləyəndə, 4-cü gün qəlyanxanada görəcəksən. Bu klubların zəifləyəcəyini düşünmürəm. “Səbail” haqqında deyilənlərin əksəriyyəti doğru deyil, sadəcə məvaciblər gecikir. Rəhbərlik də deyir ki, gözləyə bilmirsizsə, gedə bilərsiz. Ümid edirəm ki, yaxşı olar.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin