Rəsmi: Ramin Musayev daha 4 il PFL-ə rəhbərlik edəcək
Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti postuna növbəti seçki keçirilib.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər. Tədbirdə “Qarabağ”ı direktor Emrah Çəlikəl, “Neftçi” və “Qəbələ”ni müvafiq olaraq prezidentlər Kamran Quliyev və Fariz Nəcəfov, “Keşlə” və “Sabah”ı baş menecerlər Eldəniz Yusubov və Nəsimi Musayev, “Zirə” və “Səbail”i icraçı direktorlar Cahangir Məmmədov və Fərəc Əliyev təmsil ediblər. “Sumqayıt”ı təmsil etməli olan nümayəndə tədbirdə iştirak edə bilməsə də, rəsmi məktubla seçimini indiki prezidentin lehinə edib.
Nəticələrə əsasən, Peşəkar Futbol Liqasının hazırkı prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni postda fəaliyyət göstərəcək. Belə ki, klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs veriblər.
Bizi Facebook-da izləyin