“Bu, futbolun yazılmamış qanunlarıdır” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 4-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib olan 3 xalı qazandıq. Oyunda yaxşı sürət və dinamika gördüm. İlk hissə bir az çətin keçdi. Hər futbolçu üçün təcrübə toplamaq çox lazımdır. Cavid Hüseynova və “Şamaxı”ya uğurlar arzulayıram. Yerli futbolçulara şans verirlər”.
Qurbanov Avropa Liqasındakı təqvimləri barədə danışıb: “Bunları normal qarşılayıram. Sonda hər bir rəqiblə oynamalıyıq. Artıq futbol elə səviyyəyə çatıb ki, ev və ya səfər matçı bir o qədər də seçilmir. Oyunçular daha çox təcrübə toplayıblar və azarkeşlərin səs-küyünə hazırdırlar”.
Təcrübəli baş məşqçi bütün turnirlərdə maksimum nəticə göstərmək istədiklərini vurğulayıb: “UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün şansımız var idi. Amma alınmadı və ruhdan düşmürük. Avropa Liqasında öz istədiklərimizi həyata keçirmək niyyətindəyik. Əvvəl də belə komandalara qarşı oynamışıq. Qrupdan çıxmaq üçün şansımız da var. Amma rəqiblər də iddialıdır. Bəlkə onlar da bizimlə düşdükləri üçün sevinirlər”.
Mütəxəssis komandadakı ab-hava haqqında fikirlərini bölüşüb: “Baş verənləri geridə qoymaq istəyirik. Çempionlar Liqasının pley-offunda “Viktoriya”ya uduzduğumuz üçün məyus olmuşuq. Futbolçular həmin matçdan sonra təsirləniblər. Bizim üçün hər matç sanki pley-off idi. Futbolçular qalib gəlmək üçün əziyyət çəkmişdilər. Amma yolun bir addımlığında dayandıq. Bu, futbolun yazılmamış qanunlarıdır. Bunu yaşamaq oyunçunu daha da böyüdür və inkişaf etdirir. Tez toparlanıb irəli baxmaq lazımdır”.
Qurbanov Şahruddin Məhəmmədəliyevin durumu haqqında danışıb: “O, hazırda çox dilxordur. Bu, onun məsuliyyətindən xəbər verir. Deməli, o insan işində məsuliyyətlidir və daha yaxşı olmaq, böyümək istəyir. Sabah mən də səhv edə bilərəm və bu da müzakirə mövzusu ola bilər. Azarkeşlər qarşılaşmalardan sonra aqressiv və emosional olurlar. Şahruddini bundan sonra da sevəcəklər”.
Mehri Qurban
Bizi Facebook-da izləyin