Starkovun qovduğu, “Karşıyaka”nın aldatdığı “Bakı”lı “Ramin” – Yazı+Fotolar

Dünən bizdə, bu gün harda?

Komanda.az saytının “Dünən bizdə, bu gün harda?” adlı rubrikası davam edir.

Rubrika çərçivəsində bir zamanlar milliləşdirilib, Azərbaycan yığmasına çağırılan, lakin sonra “yoxa çıxan” futbolçulardan bəhs olunur. Bu dəfə 16 dəfə Azərbaycan millisinin heyətində meydana çıxan Fabio Luis Ramimdən danışacağıq.

O, 1981-ci ildə, Braziliyanın San Paulu şəhərində anadan olub. Azərbaycana gəldikdən sonra Ramimin adı pasportunda “Ramin” yazılır və futbolçu bunu AFFA-nın siyasətinə bağlayır. “Sambaçı”nın o vaxt verdiyi açıqlamaya görə, milliləşdirilməsində də məhz Ramim adının türk mənşəli olmasının böyük rolu olub.

Fabio Luis Ramimin yolu Azərbaycana 2005-ci ildə düşür. 2004/05 mövsümündə ölkəsinin “Atletiko Linense” klubunda top qovan yarımmüdafiəçi, hazırda fəaliyyətini dayandırmış “MKT-Araz”a transferi ilə Azərbaycanın yolunu tutur. Daha sonra AZAL və “Bakı” komandalarının şərəfini qoruyan Ramim, ən çox paytaxt klubundakı – “Bakı”dakı çıxışı ilə yadda qalıb. Təsadüfi deyil ki, o, 2008-ci ildə, “Bakı”da çıxış edərkən, Azərbaycan yığmasına dəvət alır. Almaniyalı baş məşqçi Berti Foqts yığmanın qapılarını braziliyalı futbolçunun üzünə açır.

Yığmadakı debüt oyununa 2008-ci ildə, Bosniya və Herseqovina millisi ilə yoxlama matçında çıxan yarımmüdafiəçi, 90 dəqiqə meydanda qalır. Braziliyalı legionerin ilk qolu isə Andorra ilə yoldaşlıq görüşünə təsadüf edib. Ümumilikdə, Azərbaycan yığmasında 16 oyunda iştirak edən Ramimin vurduğu 4 qolun hamısı yoxlama oyunlarında olub. Maraqlısı odur ki, yarımmüdafiəçinin qol vurduğu matçlarda Azərbaycan millisi məğlub olmayıb. Andorra və İordaniyanı məğlub edən yığma komanda, Özbəkistan və İslandiya ilə bərabərə qalıb. Bu iki görüş 1:1 hesabıyla bitib və qolları Ramim vurub.

Fabio Luis Ramim Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən braziliyalı futbolçulardan biridir. İmişlinin “MKT-Araz”, Şüvəlanın AZAL və Bakının eyniadlı komandasında çıxış edən Ramim, ümumilikdə Azərbaycan Premyer Liqasında 149 matça çıxıb. O, bu oyunlarda 27 qola imza atıb.

2012-ci ildə hazırda fəaliyyət göstərməyən “Bakı”nın keçmiş baş məşqçisi Aleksandr Starkovun göstərişi ilə komandadan uzaqlaşdırılan futbolçunun həmin dövrdə Türkiyənin “Karşıyaka” klubuna transferi gözlənilsə də, bu baş tutmadı. Belə ki, “Karşıyaka” əvvəlcə Ramimlə müqavilə imzalayır və yarımmüdafiəçi komandanın düşərgəsinə qoşulur. Ancaq Ramim komandanın Bolu toplanışına aparılmır və ona “sən bizə lazım deyilsən” deyilərək, klubdan göndərilir. Daha sonra yenidən “Bakı”ya qayıdışı müzakirə olunan futbolçu, bu dəfə də komandanın yeni baş məşqçisi Novruz Əzimov tərəfindən bəyənilmir və işsiz qalır. Ramim “Bakı”dan ayrıldıqdan sonra bir daha Azərbaycan milli komandasına çağırılmır. 2013-cü ildə ölkəsinə – Braziliyaya üz tutan sabiq futbolçu, “Rio-Preto” klubu ilə anlaşır və burda bir il forma geyindikdən sonra – 2014-cü ildə karyerasını bitirir.

Fabio Luis Ramimin həyat yoldaşı bəzən Azərbaycan Premyer Liqasının oyunlarında fotoqraflıq da edirdi. Belə ki, braziliyalı futbolçunun xanımı oyunlar zamanı Ramimin və komanda yoldaşlarının şəkillərini çəkirdi. Yarımmüdafiəçi, həyat yoldaşının fotoqraflığa həvəsinin olduğunu və bu səbəbdən şəkillər çəkdiyini bildirmişdi.

Bir müddət əvvəl Azərbaycan mətbuatına müsahibə verən Ramim, Premyer Liqada onun oynadığı dövrdə bölgə komandalarının çox olduğunu və həmin vaxt daha maraqlı yarış olduğunu bildirmişdi. Azərbaycan milli komandasının və “Qarabağ”ın avrokubok oyunlarını izlədiyini deyən keçmiş yarımmüdafiəçi, burda oynadığı zamandan sonrakı dövrdə inkişafın çox az olduğunu deyib. O, buna səbəb kimi bölgələrdə komandaların olmamasını göstərib.

Karyerasını bitirdikdən sonra menecerlik fəaliyyəti ilə də məşğul olan Ramim, hazırda Braziliyadadır. Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi ölkəsində “Amerika” klubunun U-17 komandasını çalışdırır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button