Prosineçkinin bəyənmədiyi, Qurban Qurbanovun qayğısına qaldığı “solaxay” – Yazı+Fotolar
Dünən bizdə, bu gün harda?
Komanda.az saytının “Dünən bizdə, bu gün harda?” adlı rubrikası davam edir.
Rubrika çərçivəsində bir zamanlar milliləşdirilib, Azərbaycan yığmasına çağırılan, lakin sonra “yoxa çıxan” futbolçulardan bəhs olunur. Bu dəfə 1 oyunda 21 yaşlılardan ibarət Azərbaycan millisinin və 17 dəfə əsas yığmanın heyətində meydana çıxan Ufuk Budak haqda danışacağıq.
Ufuk Budak Azərbaycanın U-21 yığmasında 2010-cu ildə debüt edib. Almaniyanın “Frayburq” klubunun 2-ci komandasında oynayan zaman Azərbaycandan dəvət alan Budak, əvvəlcə 21 yaşlılardan ibarət yığmaya çağırılır. O, Cihan Özkara, Əli Gökdəmir, Engin Əkrəm, Bahəddin Köşə kimi futbolçularla birgə Bernhard Lippertin Azərbaycana gətirdiyi oyunçulardan idi. Bir il sonra isə Ufuk o vaxt Azərbaycan yığmasının “sükanı arxasında” olan Berti Foqts tərəfindən əsas milliyə çağırılır. Müdafiəçi mövqeyində çıxış edən Budak, Makedoniya ilə yoxlama oyununda əsas millidə debüt edir. İlk matçı 2011-ci ilin avqustuna təsadüf edən futbolçu, alman mütəxəssisdən 26 dəqiqəlik şans qazanır.
2011-2018-ci illər aralığında müxtəlif vaxtlarda yığmaya çağırılan Ufuk Budak keçirdiyi 17 oyunda qol vura bilməyib. Berti Foqtsdan sonra Azərbaycan millisinin “sükan”ının Robert Prosineçkiyə tapşırılması, Budakın milli karyerasına zərbə olur. Belə ki, müdafiəçi, xorvatiyalı mütəxəssisin rəhbərliyi altında üç il ərzində cəmi bir dəfə millinin toplanışına dəvət ala bilir. Milli komandaya dəvət olunmamasının səbəbini soruşanda, Budak, bunun ondan qaynaqlanmadığını, səbəbin Prosineçkində olduğunu demişdi.
Ufuk daha sonra 2018-ci ildə, Qurban Qurbanovun milli komandaya baş məşqçilik etdiyi dövrdə yığmaya çağırılır. Hətta Qurbanov, o zamanlar klubsuz olan futbolçunun formasını yüksəltmək üçün onu “Qarabağ”ın məşqlərinə dəvət etmişdi. Budakın Azərbaycan milli komandasına son çağırılışı da bu dövrə aiddir. Qırğızıstanla oyunu ehtiyat oyunçular skamyasından izləyən Ufuk, daha sonra milliyə dəvət almayıb.
2014-2016-cı illərdə “Qaziantep BB” klubunda forma geyinən Ufuk Budak, 1-ci liqa təmsilçisi ilə ümumilikdə 64 oyunda iştirak edib. Müdafiəçi bu komandada yeganə qolunu Azərbaycan yığmasının qabiq qapıçısı Kamran Ağayevin qoruduğu “çərçivə”yə vurub. Belə ki, Ağayev həmin dövrdə “Karşıyaka” klubunda çıxış edirdi. Türkiyənin 1-ci liqasının 3-cü turu çərçivəsində keçirilən “Karşıyaka” – “Qaziantep BB” matçı qonaqların 1:0 hesablı qələbəsiylə yekunlaşır. Qarşılaşmanın taleyini həll edən qolun müəllifi isə Ufuk Budak olur. Budak 88-ci dəqiqədə Ağayevin qoruduğu qapının torunu silkələyir və komandasına 3 xal qazandırır.
2016-cı ilin yayında “Qaziantep BB”-dən “Kayserispor”a keçən Ufuk, Türkiyə Super Liqasında forma geyinmək imkanı da tapıb. “Kayserispor”la 15 oyunda iştirak edən Budak, Kayseri təmsilçisində yalnız bir qolla yadda qalıb. Bu qol “Kayserispor”un səfərdə “Fənərbaxça” ilə qarşılaşmasına təsadüf edib. Azərbaycan millisinin sabiq üzvü komandasını 89-cu dəqiqədə hesabda önə keçirsə də, “bülbüllər” 90-cı dəqiqə Alper Potukun qolu ilə məğlubiyyətdən qaça bilib – 3:3.
2017-ci ilin yanvarında əsas heyətdən kənarlaşdırılan Ufuk, həmin mövsümün sonuna qədər “Manisaspor”da forma geyinir. Birinci liqa təmsilçisi ilə 13 oyunda şans qazanan müdafiəçi, burda da bir qolla kifayətlənir.
29 yaşlı müdafiəçinin “Manisaspor” karyerası da sadəcə 6 ay çəkir. Mövsümün sonunda 1-ci liqanın digər təmsilçisi “Samsunspor”a keçən Ufuk, burda bir il qalmağı bacarır. 2017/18 mövsümündə 20 oyunda iştirak edən Türkiyə əsilli futbolçu, yayda maliyyə məsələlərinə görə Samsundan ayrılır.
“Samsunspor”dan ayrıldıqdan sonra bir müddət işsiz qalan Ufuk, Qurban Qurbanovun dəvəti ilə “Qarabağ” klubunun məşqlərində iştirak edir. Həmin zaman Budakın adı “Neftçi” və “Zirə” klubları ilə hallansa da, bu keçid reallaşmır. Türkiyədə qalmağı seçən Budak, 2018/19 mövsümünü “Boluspor”da keçirir.
Karyerası ərzində Almaniyada “Ulm” və “Frayburq-2”, Türkiyədə “Əskişəhər” U-21, “Qazintep”, “Kayserispor”, “Manisaspor”, “Boluspor” kimi klublarda forma geyinən Ufuk, hazırda “Altınordu”nun uğurları üçün çalışır. Birinci liqa təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər olan müdafiəçi, bu mövsüm 13 matça çıxıb.
Ufukun “transfermarkt”da dəyəri 100 min avrodur.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin