Ukraynalılarla rəqabətdən çəkinib Azərbaycanı seçən ukraynalı – Yazı+Fotolar

Dünən bizdə, bu gün harda?

Komanda.az saytının “Dünən bizdə, bu gün harda?” adlı rubrikası davam edir.

Rubrika çərçivəsində bir zamanlar milliləşdirilib, Azərbaycan yığmasına çağırılan, lakin sonra “yoxa çıxan” futbolçulardan bəhs olunur. Bu dəfə 54 dəfə Azərbaycann milli komandasının heyətində meydana çıxan Aleksandr Çertoqanov haqda danışacağıq.

1980-ci ildə, Ukraynanın Dnepr şəhərində anadan olan Çertoqanov, futbolçu karyerasına da məhz burda – “Denpr-75” klubunda başlayıb. 19 yaşında peşəkar olan yarımmüdafiəçi, Ukraynada müxtəlif vaxtlarda “Torpedo”, “Nikolaev”, “Olimpiya” və “Spartak” klublarının şərəfini qoruyub.

Hazırda 40 yaşı olan Aleksandrın Azərbaycana gəlişi 2004-cü ilə təsadüf edir. Keçmiş “Bakı” klubuna transfer olunan və həmin mövsümdə Azərbaycan kubokunun qızıl medalçısı olan yarımmüdafiəçi, bir mövsüm sonra – 2005-ci ildə paytaxtın digər təmsilçisi “Neftçi”yə keçir. 2005-2008-ci illər aralığında “ağ-qaralar”ın formasını geyinən ukraynalı futbolçu, özünü yaxşı tərəfdən göstərməyi bacarır.

Azərbaycan milli komandasındakı debütü 2006-cı ilin sentyabrına təsadüf edən Çertoqanov, AÇ-2008-in seçmə mərhələsinin Serbiya yığması ilə oyununda iştirak edib. 8 nömrəli forma altında mübarizə aparan yarımmüdafiəçi, millidə 54 oyun keçirsə də, fərqlənə bilməyib. Çertoqanov, sonuncu dəfə 2014-cü ildə milliyə dəvət olunsa da, Azərbaycan yığması ilə son matçına 2012-ci ildə çıxıb. 2012-ci ilin oktyabrında keçirilən Rusiya ilə oyun futbolçu üçün son olub.

Aleksandr Çertoqanov Azərbaycan milli komandasını seçməsinin səbəblərindən biri kimi Ukrayna yığmasında onun oynadığı mövqedə güclü futbolçuların olmasını göstərmişdi:

“İlk növbədə idman iddialarımı nəzərə alıb, Azərbaycan vətəndaşlığını almağa razılıqla cavab verdim. Axı belə yüksək səviyyədə dünya ulduzlarına və güclü yığmalara qarşı oynamaq maraqlıdır. Xüsusən də, o zaman mənim Ukrayna yığmasında oynamaq şansım praktiki olaraq yox idi. Özü də “dayaqçı” mövqeyi Ukrayna yığmasında heç də ən problemli mövqe deyil. Bu mövqedə o zaman “Bavariya”da oynayan Timoşuk, Niderlanddan Levçenko və dnepropetrovsklu Rotanla rəqabət aparmaq real deyildi. Onlar olduqca yaxşı inkişafda idilər. İndi isə gənclərə üstünlük verilir: “Dinamo”dan Qarmaş, “Şaxtyor”dan Stepanenko. Vəziyyəti həmişə düzgün qiymətləndirmək lazımdır”. (2014-cü il, “sport.ua”)

Çertoqanov avrokubok təcrübəsinə də məhz Azərbaycanda yiyələnib. Yarımmüdafiəçi “Neftçi”nin heyətində Çempionlar Liqasının təsnifat mərhələsində İslandiyanın “Hafnarfyordur” klubuna qarşı matçda iştirak edib. Hər iki görüşdə qələbə qazanan “Neftçi”nin heyətində yer alan Çertoqanov, islandiyalılarla cavab matçında qırmızı vərəqə alaraq, komandasının növbəti mərhələdəki “Anderlext”lə oyunlarında iştirak edə bilmir.

Çertoqanov milli komandadakı kimi, “Neftçi”də də qol vurmağı bacarmayıb. Bakı təmsilçisiylə 72 oyunda mübarizə aparan yarımmüdafiəçi qol hesabını aça bilməyib. Maraqlıdır ki, 2004-cü ildən 2014-cü ilə qədər, nə az, nə çox, düz 10 il Azərbaycanda top qovan futbolçu, 11 mövsümə 6 klub dəyişsə də, cəmi 8 qolla yadda qalıb. O, 2004/05 mövsümündə “Bakı” ilə iki qol vurub və bundan beş il sonra – 2010-cu ildə keçmiş “İnter”də (indiki “Keşlə”) fərqlənib.

Çertoqanov 2004-2014-cü illər aralığında “Bakı”, “Neftçi”, “İnter”, “Qəbələ”, “Simurq” və “Sumqayıt”da forma geyinib. 2004/05 mövsümündə “Bakı” ilə Azərbaycan kubokunu, 2009/10 mövsümündə “İnter”lə Azərbaycan çempionluğunu qazanan Aleksandr, 2014-cü ildə zədə səbəbindən karyerasını bitirib. Son klubu “Sumqayıt” olan keçmiş yarımmüdafiəçi hazırda Ukraynada – Dnepropetrovskda yaşayır və işsizdir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button