“Bu cür oyunla uduzmamalı idik” – Tərlan Əhmədov
“Keşlə”nin baş məşqçi Tərlan Əhmədov Premyer Liqanın 24-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Bu gün komandamız təzyiq altında oynadı. Yenə də oyunumuz ürəkaçan idi. Bu, həmişəki problemdi. Bu qədər imkanların fonunda qol vurmamaq və ikinci hissə başlayan kimi qol buraxmağımız məyusedici oldu. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Bu komandada psixoloji problemi futbolçular həll edə bilmir. İlk hissəni gözəl keçirdik. Rəqibi öz qapısı ağzına sıxdıq. Ancaq ikinci hissədəki psixoloji sindrom həlledici oldu. Adamın əziyyətinə heyfi gəlir. Bu cür oyunla uduzmamalı idik.
Futbolçunun bir düşüncəsi olmalıdır – mütləq qələbə qazanmalıyam. Futbolçu uduzmaqdan qorxsa, istər-istəməz bu, baş verəcək. 3 gündən sonra “Qarabağ”la ağır səfər oyunumuz var. Bacardığımız qədər komandanı bu vəziyyətdən çıxarmağa çalışacağıq. Elə şeylər var ki, baş məşqçinin, rəhbərliyin ona gücü çatmır. Bu, futbolçunun iradəsindən asılı olur. Peşəkar futbolçular ağır vəziyyətdən çıxış yolu tapırlar.
Klubda maliyyə problemi yoxdu. Bu günlərdə maaşlarını alıblar. Oyuna baxanda adamı məyus edən gözəl oyunun fonunda məğlub olmağındı. Bu da futbolun yazılmayan qanunudu”.
Bizi Facebook-da izləyin