“Bu, bütün dünyaya böyük ədalət dərsi oldu” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, səfərdə 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat kondransında bunları söyləyib:
“Çempionatın elə bir mərhələsindəyik ki, hər bir xal, qələbə çox önəmlidir. Vacib qələbə qazandıq. “Səbail”lə səfərdə oynamaq bütün komandalara ağırdır. Xüsusən də, oyunlarında böyük əzmkarlıq var. Bir faktı vurğulayım ki, “Qarabağ”ın çempionatda yeganə məğlubiyyəti bu meydançada olub. Bu, adamı düşünməyə vadar edir. İlk dəqiqələrdən üstünlüyə yiyələnməyə, öz oyunumuzu göstərməyə çalışdıq. Rəqib matçın əvvəlində ikinci zonada bizə pressinq tətbiq edirdi. Hücumlarımızı inkişaf etdirməyə imkan vermirdilər. İkinci hissə bizim üçün daha yaxşı keçdi, hücumda fəal oynamağa çalışdıq. Qol imkanlarımız da oldu. Onlardan istifadə etmədiyimiz üçün rəqibin son dəqiqələrdə əzmkarlığı daha da artdı”.
Sadıqov “Səbail”in hər xal üçün vuruşan komanda olduğunu söyləyib: “Bu komandaya turnir cədvəlində sonuncu yeri verməzsən. Kubokda bizə böyük hesabla uduzmalarına baxmayaraq, çempionat matçında bizə qarşı çox yaxşı çıxış etmişdilər. “Sumqayıt”la ev, “Qəbələ” ilə səfər matçlarında da belə olmuşdu. Bu gün də mübarizə apardılar. Hesab arasındakı fərqi də artıra bilmədiyimiz üçün son dəqiqələr bizim üçün gərgin keçdi. Şükürlər olsun ki, müdafiədə səhv etmədik, etibarlı oynadıq. Uzaq məsafədən zərbələri və standart vəziyyətləri çıxmaq şərtilə, bəlkə də, rəqibə qol imkanı da vermədik”.
Baş məşqçi 5-ci pillədəki “Sabah”ı 8 xal qabaqlamalarına baxmayaraq, hələ avrokuboklar barədə düşünmədiklərini vurğulayıb: “Ötən mövsüm də qış fasiləsindən sonra bizi erkən avrokuboklarda görənlər çox idi. Amma onda da deyirdik ki, hələ tezdir. Çiyinlərimdə böyük təcrübə var, belə oyunları, yarışları çox görmüşəm. Zərrə qədər rahatlaşmağın fəsadları pis ola bilər. “Sabah” da iddialı komandadır. Yeni baş məşqçi təyinatından sonra da möhtəşəm futbol nümayiş etdirirlər. Son turlarda uduzmalarına baxmayaraq, bəlkə də, heç bir oyunda məğlubiyyətə layiq deyildilər. Əminəm ki, sona qədər mübarizə aparacaqlar. Qarşıda bizi çox gərgin 11 tur gözləyir. Sona qədər də mübarizə aparmalıyıq”.
Sadıqov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa “Marsel”inə 0:3 hesabı ilə uduzduqları Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı feyr-pley jesti barədə də danışıb. 40 yaşlı mütəxəssis Qurbanovun yeni nəslin müəllimi və örnəyi olduğunu bildirib:
“Qurban Qurbanov “Marsel”lə matçda hamımıza müəllimlik etdi, dərs keçdi. Çox adam onu, iş fəlsəfəsini, metodikasını özünə örnək götürür. Özündən sonrakı nəslə böyük miras qoydu. Göstərdi ki, nəyin bahasına olursa-olsun qələbə qazanmaq yox, ədalətli şəkildə bunu etmək lazımdır. Onun bu qərarının niyə birmənalı qarşılanmadığını bilirəm. Çünki “Qarabağ”a qarşı da haqsızlıqlar olmuşdu. Bu baxımdan bizim də məsələyə müdaxilə etməyib, eyni reaksiyanı verməyimizi gözləyirdilər. Məsələn, “Bazel”lə görüşdə rəqibin bütün futbolçuları topun qapıdan bir metr keçdiyini görmüşdü. Amma biri də hakimə bildirməmişdi. Bizim də onlardan fərqimiz budur, bütün dünyaya ədalət dərsi keçdik. Reaksiyaları özünüz də görürsünüz. Məncə, düzgün atılan addım idi. Hər insan bunu etməzdi, mümkün deyil. İnanmıram ki, futbol dünyasında ikinci bir şəxs belə hərəkət etsin. Çox vacib məqam idi, qol sayılsaydı, “Qarabağ” sərfəli nəticə də əldə edə bilərdi. Bu, başqa bir miras, bütün dünyaya böyük ədalət dərsi oldu. Buna görə də, Qurban müəllimə bir daha təşəkkür edirik”.
Bizi Facebook-da izləyin