“Bu, bizə motivasiya verir” – Visente Qomes
“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, ispan mütəxəssis 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Uşaqları təbrik etmək istəyirəm, bu gün əllərindən gələni etdilər. Oyun bizim nəzarətimizdə idi. Xüsusilə də ilk hissə. Kifayət qədər qol imkanları yaratsaq da, bunlardan istifadə edə bilmədik. Rəqib sadə epizodda qol imkanı yaratdı və hesabı bərabərləşdirdi. Oyunda bir balaca gərginlik, həyəcan yaşansa da, hesabda önə keçməyi bacardıq.
- Bu gün meydanda ispan futbolu gördük. Daha üst sıralarda olmaq üçün nə çatmır?
- Biz mövsüm ərzində yaxşı və pis oyunlar oynamışıq. Çatışmazlıq həm müdafiə zamanı, həm də hücum zamanı olur. Müdafiədə xırda və çox sadə səhvlər edirik. Bunlar üzərində çalışmışıq. Hücumda da imkanlarımızı dəyərləndirə bilmirik.
- Fasilədə nəyi dəyişmək istəyirsiz?
- Hər qış fasiləsində olduğu kimi fasiləyə qədərki dövrü təhlil edəcəyik və sonra qərarlar verəcəyik.
- Bəxtiyar Həsənalızadəni sizə kim təklif etdi və ondan nə gözləyirsiz?
- Bəxtiyar bir müddət bizdə məşqlərdə idi. Baxdıq və müsbət fikirlərim var onunla bağlı. Qışdan sonra müdafiədə bizə kömək edəcək.
- Rəhbərlik sizə transfer büdcəsi ayırıbmı?
- Hazırda bu haqda danışmamışıq. Hər şeyi təhlil etdikdən sonra qərarlar verəcəyik. Açığı, hazırda olan situasiyanı nəzərə alsaq, transferlər çətin görünür.
- İspaniyaya qayıdanda burdakı işinizlə bağlı suallar verilsə, cavabınız necə olacaq?
- İşim barəsində turnir cədvəlimizdəki yerimizə görə narazı olduğumu bildirəcəm. Qayıdandan sonra çalışacağıq ki, problemləri aradan qaldırıb, inkişaf edək. Çox gəzməyi sevən insan deyiləm. Sadəcə Bakıda olmuşam və burada insanlar çox mehribandır. Burada olmaqdan məmnunam. Koronavirusa görə bütün ölkəni dəyərləndirə bilmərəm. Hər yer bağlıdır. İspaniyada da hər yer bağlıdır, sadəcə getdiyim yerdə qalacam. Gözlədiyimdən daha səviyyəli çempionatla qarşılaşdım. 1-2 komandanı çıxmaqla, bütün komandaların səviyyəsi eynidir. Klubların fərqli oyun tərzləri var, bəziləri müdafiəyə, bəziləri hücuma çox diqqət edir. Açığı, mən İspaniyada, Ukraynada da işləmişəm və Azərbaycan çempionatının oranın səviyyəsinə çatmağına hələ var. Hazırda biz qara zolaqdayıq, ancaq Avroliqaya vəsiqə verən yerdən cəmi 3 xal geridəyik. Bu da bizə motivasiya verir. Qışda gücümüzü bərpa edib, daha yaxşı olacağıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin