“Yenə “Napoli”!” – Klopp
İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, turnirin son qalibi E qrupunda “Napoli”, “Zalsburq” və “Genk”lə qarşılaşacaq. Alman mütəxəssis, qrup mərhələsindəki rəqibləri haqqında bunları deyib:
“Yenə “Napoli”! Onlara qarşı neçə dəfə oynadığımı bilmirəm, amma “Napoli” çox təcrübəli komandadır. “Genk” və “Zalsburq”u isə daha yaxşı öyrənməliyəm, amma artıq onların gənc, həvəsli komanda olduqlarını bilirəm. Bu oyunlar çox maraqlı olacaq. Hər zaman olduğu kimi, asan qrup deyil. Rəqiblər bilinəndə Divok Origidən “Genk”lə bağlı soruşdum. Hər üç komandanı təhlil edib, öyrənəcəyik, amma onların hamısının yaxşı mövsüm keçirdiyini bilirik”.
Mütəxəssis, Vircil van Daykın ilin ən yaxşı futbolçusu və Alisson Bekkerin ən yaxşı qapıçı seçilməsinə də münasibət bildirib:
“Bu, əladır. Van Dayka görə çox xoşbəxtəm. Eyni zamanda, bizə görə xoşbəxtəm. Çünki o da ətrafında belə futbolçular olmadan bu mükafatı qazana bilməyəcəyini bilir. Bu, hamımızın mükafatıdır, onu almaq üçün öz adamımızı göndərdik. Bu, bir müdafiəçi üçün nadir hadisədir. Vircil dünyanın ən yaxşı müdafiəçisidir. O, bu mükafata layiq idi.
Eyni zamanda, Alisson üçün də sevinirəm. O, keçən mövsüm əla qurtarışlarla yadda qaldı. Onun bizimlə ilk ili idi və Çempionlar Liqasının, millisi ilə Amerika kubokunun qalibi oldu. O, ən yaxşı qapıçı mükafatına layiqdir”.
Bizi Facebook-da izləyin