Braziliyadan imtina edib, İspaniyaya sığınan “pis oğlan” Yazı+Fotolar
“Atletiko”nun Çempionlar Liqasının dünən keçirilən, “Yuventus”u 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada o da var idi. Madrid komandasının qələbə qazanması üçün əlindən gələn hər şeyi edirdi. Amma “Atletiko” qolları onun Alvaro Morata ilə əvəzlənməsindən sonra vurdu. Bəlkə də çoxunuz, onun meydandan erkən ayrılmasına görə özündən çıxacağını, baş məşqçisi Dieqo Simeoneyə qəzəblənəcəyini və bu qəzəbini hansısa hərəkətlə büruzə verəcəyini gözləyirdi. Ancaq bu dəfə o, sakitcə keçib yerində əyləşdi.
Hə, sizə dünyanın ən kobud, əsəbi, çılğın xarakterə malik futbolçularından biri haqqında danışacağıq.
Dieqo Kosta Braziliyada – Laqartoda doğulub və orda böyüyüb. Onun hekayəsi hələ bir neçə aylıq olarkən bitə bilərdi. Bir ölümcül ilanın onun otağında olmasına görə. Onu zəhərli ilandan xilas edən anası, hadisəni belə xatırlayır:
“Yataq otağında Dieqonu tək qoydum və çıxdım. Arabir ona nəzarət etmək üçün otağa qayıdırdım. Birdən yatağının yanında qəribə bir şey gördüm. Diqqətlə baxanda, bunun zəhərli bir ilan olduğunu dəqiqləşdirə bildim. Dieqonu sancsaydı, uşaq bir neçə dəqiqə içərisində ölərdi. İlan yatağa doğru sürünürdü, mən isə qorxudan özümü itirmişdim, amma tez hərəkət etməli olduğumu da bilirdim. Tez uşağı iki qolundan tutaraq, özümə doğru çəkdim və qaça-qaça otaqdan çıxdım”.
Kosta ilk olaraq, istedadını Laqartonun yerli futbol məktəbində göstərməyə başlayır – 9 yaşında olmasına baxmayaraq, yaşından daha böyük futbolçularla eyni komandada. Özü kimi futbolçu olmağa çalışan qardaşı Jair, onun o zamankı oyununu dəyərləndirərək, bunları deyib:
“Kostanın hansısa adətini dəyişdirməsi çox çətindir. Əsəblərini cilovlamaqda hər zaman çətinlik çəkir. İki qardaş kimi hər zaman yaxın olduq, amma futbol mövzusunda mübahisə edirdik, çünki ikimiz də bir-birimizdən yaxşı olmağa çalışırdıq. O, uşaq vaxtı 85 faiz səslə Braziliyanın ən kobud futbolçusu seçilirdi. Hər zaman bir-birimizi acılayırdıq. Xatırlayıram ki, oyunların birində komandanın qələbə qazanacağına inanırdım, amma Dieqo yenə əsəbiləşdi. Həmin an mən də hisslərimi cilovlaya bilmədim və onunla indiyə qədərki ən böyük davamızı etdik. Amma artıq dava etmirik. Hələ də ona “pis oğlan Dieqo Kosta” deyirəm”.
16 yaşı olarkən Dieqo, ailəsi tərəfindən San Pauloda yaşayan əmisinin yanına göndərilir. Buna əsas səbəb kimi, valideyinlərinin onun yaşadığı yerdə olan qruplaşmalara qarışmasını istəməmələri idi. Kosta San Pauloda da futbol oynamağa davam etsə də, artıq dünya standartlarında olan bir futbolçuya çevrilmək şansını itirmişdi. Həmin vaxt o, o qədər kasıb idi ki, avtobus xərcini belə, qarşılaya bilmirdi. Ətrafındakı bəzi insanlar onun bu vəziyyətini lağa qoyurdu. Bəlkə də, məhz bu hərəkət onun futboldan uzaqlaşmasına səbəb oldu. Bir dükanda işləməyə başlayan Dieqo, daha çox pul qazanmaq istəyində idi. Buna baxmayaraq, San Paulodakı məşqçisi olan Paulo Mora onu futbola qayıtmağa məcbur edir.
Yenidən futbol oynamağa başlayan Kosta, elə ilk oyunundaca gözəl qol vurur. Bu oyundan sonra Portuqaliyanın “Braqa” klubu onu diqqətdə saxlamağa başlayır. Ancaq atası və anası onun “Braqa”ya keçməsinə icazə vermirlər. Atası Jose Jesus bu haqda belə deyir:
“Əvvəldən bizə söz vermişdi, geri qayıtmayacaqdı. Bu məsələ olanda, mənimlə və anasıyla danışmadı və bizim icazəmizə ehtiyacının olmadığını, gedəcəyini dedi. Başqa yolum yox idi, ona görə də, Dieqonu Portuqaliyada yerləşdirmək üçün onunla getdim. Amma yanından qayıtdıqdan sonra o, hər gün ağlayaraq, bizi geri çağırırdı. Futbolda başlanğıc etmək çox çətindir”.
Bu çətinliyə baxmayaraq, Kosta çox gözəl başlanğıc edir və “Braqa”dan sonra öz istedadını İspaniyaya daşıyır. 2007-ci ildə “Atletiko”ya transfer olunur. Burda enişli-çıxışlı karyeraya sahib olan futbolçu, bir neçə kluba icarəyə verilir. 2009-cu ildə “Valyadolid”ə satılan Kosta, 2010-cu ildə yenidən “Atletiko”ya keçir və bu dəfə istədiyi oyunu sərgiləyə bilir. 2014-cü ildə isə onun üçün yeni bir macəra başlayır və 32 milyon avro qarşılığında “Çelsi”yə transfer olunur.
Dieqo doğma ölkəsi olan Braziliya ilə bağlı bütün əlaqələrdən imtina edir. O, milliyətindən imtina etmə qorxusu olmayan azsaylı futbolçulardandır. Bəli, Kosta, Braziliyada keçirilən dünya çempionatında ona qarşı əsəbi olan həmvətənlərinin qarşısında oynayacaq cəsarətə sahib bir futbolçudur. Axı o, milli komanda olaraq İspaniya yığmasını seçmişdi və bu addımı doğma ölkəsi olan Braziliyada heç də xoş qarşılanmamışdı.
Dieqo hazırda yüzlərlə futbolçuya kömək edir, adına olan futbol kompleksinə hər il maliyyə yatırımı edir.
“Vali” (“hamıdan güclü”) ləqəbli futbolçunun bəzən meydanda göstərdiyi sərt davranışları azarkeşlər üçün futbolun baş məşqçidən, rəhbərlikdən və futbolçudan ibarət macəra filmi olduğu təəssüratını yaradır. Erik Kantona karyerasını bitirəndə, hər kəs futboldakı sərtliklərin, pis davranışların bitdiyini düşünürdü. Kostanın yaşıl meydanlarda görünməsi isə azarkeşlərin fikirlərində dəyişikliyə yol açıb. Bunu bir neçə nümunə ilə xatırladaq:
Kosta – Pablo Zabaleta
“Çelsi” “Mançester Siti” ilə qarşılaşarkən, Kosta Pablo Zabaletanın boğazından tutmasına baxmayaraq, meydanda qalmağa davam edir.
Kosta – Con Oşi
Oşinin üz mimikasına baxdıqda, onun təpiklənməkdən bezdiyini görmək mümkündür…
Kosta – Martin Şkrtel
Kostanın əsəbini görən Şkrtel, gözlərinin bağlanmasına hazır olmalı idi…
Kosta – Əmrə Can
Kostaya görə, rəqibi zədələmək üçün yerin fərqi yoxdur, o, bunu meydandan kənarda da edə bilər.
Kosta – David Luiz
Çempionlar Liqasının 1/8 final mərhələsində, PSJ ilə oyunda Kosta ilə David Luizin qarşılaşması daha gərgin alınmışdı.
Kosta – Loren Koselni
“Arsenal”la oyunda etdiyi bu hərəkət ona üç oyunlaq cəza gətirir.
Kosta və hakimlər
“Sambaçı”nın meydanda ortaya qoyduğu fiziki gücü və aşağılayıcı hərəkətləri hər kəsin marağına səbəb olan bir şeydir. O, balacaboy hakimlərə meydanda hər zaman fiziki təzyiq göstərən futbolçulardan biri, bəlkə də birincisidir.
Dieqo Kosta bu günə kimi bir neçə çempionat, bir neçə klub dəyişsə də, dəyişməyən bir şey var – onun çılğınlığı, əsəbi, bir sözlə, xarakteri. Lakin bütün bunlara rəğmən, o, dünyanın ən yaxşı hücumçularından biri olmaqda davam edir.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin