Braziliya – Argentina matçı təkrar keçiriləcək
FIFA DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan, lakin çıxan olaylar səbəbindən təxirə salınmış Braziliya – Argentina matçının təkrar keçirilməsinə qərar verib.
Komanda.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Qarşılaşmanın nə vaxt və harada keçiriləcəyinə daha sonra aydınlıq gətiriləcəyi bildirilib.
FİFA həmin qarşılaşmalarda baş verənlərə görə Argentina millisinin 4 futbolçusunu cəzalandırıb. Belə ki, Emiliano Martines, Emiliano Buendiya, Covanni Lo Çelso və Kristian Romero 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Təhlükəsizliklə bağlı pozuntulara görə Braziliya Futbol Konfederasiyası 500 min İsveçrə frankı, Argentina Futbol Assosiasiyasını isə nizam-intizam, hazırlıq və matçda iştirakla bağlı öhdəliklərə əməl etmədiyinə görə 200 min İsveçrə frankı məbləğində cərimələnib. Bundan başqa, görüşün təxirə salınması səbəbindən hər iki qurumdan ayrılıqda 50 min İsveçrə frankı cərimə ödəməsi tələb edilib.
Xatırladaq ki, ötən il sentyabrın 5-də San Pauloda keçirilən Braziliya – Argentina oyunu start fitindən cəmi 4 dəqiqə sonra yarımçıq dayandırılıb və qonaqlar meydanı tərk ediblər. Bu, meydana yerli polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra baş verib. Onlar Emiliano Martines, Emiliano Buendiya, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar. FİFA da onları məhz koronavirus qaydalarını pozduqları üçün diskvalifikasiya edib.
Bizi Facebook-da izləyin