“AFFA-ya heç nə demək istəmirəm” – Müsahibə
Mini-futbol üzrə Azərbaycan millisinin qapıçısı Davud Kəriminin Komanda.az saytına müsahibəsi.
– Qalibiyyətiniz münasibəti ilə sizi təbrik edirik. Bu qələbəni gözləyirdinizmi?
– Təbrikə görə çox sağ olun. Biz bütün xalq olaraq bu qələbəni gözləyirdik.
– Turnir tarixinin rekordçu qalibi olan Rumıniyanı məğlub edərək Avropa çempionu oldu. Bu haqda nələr deyə bilərsiz?
– Biz birinci oyunda Rumıniyaya məğlub olanda mən arzu elədim ki, finalda yenidən onlarla qarşılaşaq. Zəif olmadığımızı sübut etməli idik. Rumıniya birinci oyunda bizə qalib gəldi. Hansı ki, biz stadiona, oranın ab-havasına öyrəşməmişdik. Şükürlər olsun ki, finalda istədiyimizə nail olduq.
– Avropa çempionu olmağa görə əvvəldən komandaya mükafat vəd etmişdilərmi?
– Deyiblər ki, mükafat verəcəklər. Lakin biz heç vaxt mükafatı düşünməmişik. Biz oyuna çıxanda ancaq Azərbaycan xalqını, Azərbaycanı fikirləşib oynamışıq. Azərbaycan mini-futbol millisi bu milli hamımızın millisidir.
– Mini-futbol millimiz bu cür uğur əldə edə bildi. Lakin əsas millinin uğursuzluqları göz önündədir. Sizcə, buna səbəb nədir?
– Böyük futbola qarışmaq istəmirəm.
– Əksəriyyət bu cür düşünür: “AFFA-nın əlinin çatmadığı yerdə uğur olur”. Həqiqətən də belədir?
– AFFA-ya da heç nə demək istəmirəm. Azarkeş fikridir və hörmətlə yanaşıram. İnşallah, bizim bu nailiyyətimizdən sonra böyük futbolda da bir dirçəliş olar.
– Final oyununuzdan sonra yerli mətbuatda məlumatlar yayıldı ki, sizə xarici klublardan təklif var. Oyundan sonra, ya da əvvəl təklif almışdız?
– Vallah, belə səs-sorağı mən də eşitmişəm. Amma hələ ki, özümlə maraqlanan olmayıb. Təklif olsa, hamının xəbəri olacaq.
– “Kəpəz” azarkeşi əlinizlə 4 rəqəmini göstərən bir foto paylaşıb və yazıb ki, “Davud Kərimi deyir 4 min verin, gəlim “Kəpəz”də qapıda durum”. Bu, zarafatdır, yoxsa doğrudan belə demisiz?
– O azarkeşə mən sadəcə salam göndərmişəm. Zarafatla deyib. Böyük futbola qayıtmaq istəmirəm. Biz mini-futbol üzrə Avropa çempionu olmuşuq və çalışacağıq ki, Elşad müəllimin (baş məşqçi) rəhbərliyi altında yenidən dünya çempionatına, Avropa çempionatına hazırlaşaq.
Mehri Qurban
Bizi Facebook-da izləyin