“Böyük Dəbilqə”: Bu gün start götürür

Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri bu gün başlayacaq.

Komanda.az xəbər verir ki, yarışın ilk günü Azərbaycanın 8 idmançısı 5 çəki dərəcəsində mübarizə aparacaq.

Kişilərin yarışında 60 kq-da Nazir Talıbov mübarizəyə 1/32 finaldan başlayacaq. O, çexiyalı David Pulkrabeklə qarşılaşacaq.

Eyni çəkidə çıxış edən Kəramət Hüseynov komanda yoldaşından fərqli olaraq, ilk raunddan azaddır. O, 1/16 finalda rəqibini gözləyir. Gənclər arasında Avropa çempionunun rəqibi Muhammadsoleh Quvatov (Tacikistan) – Dilşodbek Baratov (Özbəkistan) cütünün qalibi olacaq.

66 kq çəkidə də Azərbaycanın iki cüdoçusu yarışacaq. Yaşar Nəcəfov 1/32 finalda İtaliya idmançısı Fabio Basillə münasibətlərinə aydınlıq gətirəcək.

“Böyük Dəbilqə”nin üçqat qalibi Orxan Səfərov mübarizəyə 1/16 finaldan qoşulacaq. 32 yaşlı Avropa çempionu bu raundda Hekim Aqamammedov (Türkmənistan) – Antoni De Anqelis (Latviya) duelinin qalibini sınağa çəkəcək.

Qadınların yarışında 48 kq çəkidə Azərbaycanı iki cüdoçu təmsil edəcək. Leyla Əliyeva 1/32 finalda Mariya Buyoku (Ukrayna), Könül Əliyeva isə 1/16 finalda Mari Di Varqas Leyi (Çili) üstələməyə çalışacaq.

52 kq çəkidə çıxış edəcək Gültac Məmmədəliyeva 1/32 finalda kanadalı Kelli Dequçi ilə üz-üzə gələcək. Martın 24-də Gürcüstanda keçirilən “Böyük Dəbilqə”ni “bürünc”lə başa vuran Məmmədəliyeva Kanada idmançısını məğlub edərsə, növbəti raundda cənubi koreyalı Kanq Yujeonqla qarşılaşacaq.

Fidan Əlizadə də yarışa 1/32 finaldan başlayacaq. 57 kq çəkidə Yulia Kovalçuku (Polşa) sınağa çəkəcək yeniyetmələr arasında Avropa çempionu olmuş Əlizadə bu mübarizədən qalib ayrılsa, 2022-ci ildə Bakıda keçirilən Böyük Dəbilqəni qazanan Krista Dequçiyə (Kanada) rəqib olacaq.

“Böyük Dəbilqə” aprelin 2-də sona çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button