“Borussiya”nın futbolçusu Bundesliqanın tarixinə düşdü
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Ceydon Sanço Almaniya Bundesliqasının tarixinə düşüb.
Komanda.az xəbər verir ki, o, ölkə çempionatında 35 qol həddinə çatan ən gənc futbolçuya çevrilib.
20 yaşlı ingilis futbolçu son olaraq Bundesliqanın 22-ci turu çərçivəsində ötən gün səfərdə qarşılaşdıqları “Şalke”yə qol vurub.
Bu, onun Bundesliqadakı 35-ci qolu olub. İngiltərə millisinin üzvü Almaniya çempionatında bu qədər qol vurmağı bacaran ən gənc futbolçudur (20 yaş, 10 ay, 26 gün).
Ceydon Sanço 2017-ci ildən “Borussiya”da forma geyinir. O, indiyə qədər bu komandanın heyətində bütün turnirlər daxil olmaqla 128 matça çıxıb, 44 qola imza atıb, 59 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 20 matça 5 qol vurub.
Bizi Facebook-da izləyin