Boris Consonu ittiham etdi – “Liverpul”un əfsanəsi
“Liverpul”un sabiq yarımmüdafiəçisi Cimi Karrager Böyük Britaniyanın baş naziri Boris Consonun istefasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Karrager Consonu yalançı adlandırıb. O, sabiq baş naziri öz maraqları naminə xalqı aldatmaqda ittiham edib:
“Boris Conson sırf baş nazir olmaq üçün “Brexit”ə inandığını bildirirdi. O, baş nazir kimi hər zaman yalan danışırdı, öz maraqları naminə xalqı aldadırdı. İndi onu qovublar. Bununla belə, biz bundan sonra da onun ən böyük yalanı – “Brexit”lə yaşamalı olacağıq”.
58 yaşlı Boris Conson iyulun 7-də istefa verdiyini bildirib. Bununla belə, o, Mühafizəkarlar Partiyasının yeni lideri seçilənə qədər fəaliyyətini davam etdirəcək. Conson çətinliklərin öhdəsindən layiqincə gələ biləcək bir liderlə əvəz olunacağına əminliyini ifadə edib.
“Brexit” Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesidir.
Cimi Karrager “Liverpul”un əfsanəsidir. Doqquz yaşında kluba qoşulub və bütün peşəkar karyerasını orada keçirib. O, “Liverpul”un heyətində 737 oyunda meydana çıxıb, 2004/2005 mövsümündə Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin