Bordinin şələ-şüləsi

Azərbaycan Premyer Liqasında artıq mövsüm başa çatmaq üzrədir. Bu isə o deməkdir ki, çempionatın həlledici dövrü başlayıb. Məhz qarşıdakı turlarda çempionun və avrokuboklara gedəcək komandaların hamısının adına aydınlıq gələcək.

Missiyası başa çatan “Zirə”

26-cı turun oyunları eyni gündə keçiriləcək ki, meydana əvvəlcə “Zirə” ilə “Qarabağ” çıxacaq. “Zirə”nin bu mövsüm üçün Premyer Liqada missiyasının başa çatdığını demək olar. “Qartallar”ın çempionat yolu ilə avrokuboklara vəsiqə qazana bilməyəcəyi dəqiqdir. Samir Abasovun komandası uzaqbaşı 1-ci diviziona düşmək təhlükəsinə görə narahat ola bilər. Amma “Keşlə” sonuncu pillədə elə qətiyyətlə “lövbər salıb” ki, çətin oranı tərk etsin. “Qarabağ” isə sonuncu – 28-ci tura kimi büdrəməməlidir. “Köhlən atlar” sonuncu turda çempionluq mübarizəsi apardığı “Neftçi” ilə qarşılaşacaq ki, həmin oyunadək istənilən xal itkisi böyük zərbə olar. Qurban Qurbanovun komandası iki turda xal itirməsə, “neftçilər”lə görüşdə heç-heçə etməklə də növbəti çempionluğunu rəsmiləşdirə bilər. “Qarabağ”la “Neftçi” arasında 2 xallıq fərq var və çempionatın sonlarına yaxın bu xallar qızıla bərabərdir.

Statistika nə deyir?
“Zirə” indiyədək qələbə qazanmayıb. “Qarabağ” son üç səfər matçında qalib gəlib.
Zirə – Qarabağ: 15 oyun, 0 qələbə, 4 heç-heçə, 11 məğlubiyyət, top fərqi 6-30

“Sabah” qisas almaq istəsə, vay “Keşlə”nin halına!

Turun daha bir oyununda autsayder “Keşlə” “Sabah”ın qonağı olacaq. Keşlə təmsilçisinin ələyi çoxdan ələnib, xəlbiri də göydə fırlanır. Komanda son pillədən xilas olmaq üçün çırpınır. Eyni “çırpıntı”nı yaşayan “Sumqayıt” bu turda “Neftçi” ilə üz-üzə gələcək. “Kimyaçılar”ın “neftçilər”dən 3 xal alacağı inandırıcı görünmür. Deməli, “Keşlə” “Sabah”la oyunda qələbə qazana bilsə, “zirzəmi”dən canını qurtara bilər. Amma Premyer Liqanın debütantının Zaur Axundovun klubuna rəhmi gələcəkmi? “Keşlə”nin meydana çıxıb, oynayaraq qələbə qazanmasına inam azdır, gərək rəqibin də onlara yazığı gələ. Baxmayaraq ki, 20-ci turda keçirilən görüşdə Keşlə təmsilçisi “Sabah”ı böyük hesabla (3:0) məğlub etmişdi. “Sabah” həmin məğlubiyyətin qisasını almaq istəsə, vay “Keşlə”nin halına!

Statistika nə deyir?
Son iki oyunda “Keşlə” qalib gəlib. “Sabah”ın ev matçında hər iki komanda qol vurub.
Sabah – Keşlə: 3 oyun, 1 qələbə, 0 heç-heçə, 2 məğlubiyyət, top fərqi 2-5

“Səbail”i narahat etməli olan məqam

Turun mərkəzi oyununda “Səbail”lə “Qəbələ” üz-üzə gələcək. Hər iki komanda bürünc medallar uğrunda mübarizə aparır. Qəbələ təmsilçisi bu görüşdə qələbə qazana bilsə, “Səbail”i 3-cü pillədən sala biləcək. Amma Bakı komandası da Avropa Liqasına vəsiqə qazanmaq üçün 3-cü yeri əldən buraxmamalı olduğunu bilir. Özü də “Qəbələ”nin Avropa Liqasına getmək üçün başqa variantı da var – ölkə kubokunu qazanmaq. “Səbail”in isə belə imkanı yoxdur. “Qırmızı-qaralar” kubokun yarımfinalında keçirdikləri ilk matçda “Qarabağ”ı minimal hesabla məğlub ediblər. Ümumiyyətlə, “Qəbələ” son üç oyunda qələbə qazanıb. Bu isə “Səbail”i narahat edə bilər. “Səbail”i narahat etməli olan digər məqam isə komandanın ulduz futbolçusu Maykl Essyenin zədə səbəbindən bu qarşılaşmada iştirakının sual altında olmasıdır. Düzdür, baş məşqçi Aftandil Hacıyev qanalı futbolçuya elə də şans vermir. Amma hər halda, itki itkidir.

Statistika nə deyir?
“Səbail” 4 oyundur qələbə qazanmır. Paytaxt təmsilçisi son iki ev matçında uduzmayıb.
Səbail – Qəbələ: 7 oyun, 1 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət, top fərqi 6-13

Onda gərək, Bordin şələ-şüləsini yığıb, Bakını tərk edə

Nəhayət, turun son matçında “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. “Səbail”lə görüşdə itirdiyi xallara görə “Qarabağ”dan 2 xal geri düşən “neftçilər”i qələbədən başqa heç nə qane etmir. “Sumqayıt”la oyunda da xal itkisi olsa… Onda, əlvida, çempionluq arzusu. Amma “kimyaçılar”ın “Neftçi”ni büdrədə biləcəyinə yəqin heç bu komandanın baş məşqçisi Ayxan Abbasov özü də inanmır. Yox, desəz ki, “bu, futboldur, hər şey ola bilər”, onda gərək, “kimyaçılar”la oyunda xal itkisi olsa, Roberto Bordin şələ-şüləsini yığıb, Bakını tərk edə. “Sumqayıt”la da bacarmayan komandanın Çempionlar Liqasında, baş məşqçinin də həmin komandada nə işi var?

Statistika nə deyir?
“Sumqayıt” 4 oyundur qələbə qazana bilmir. “Neftçi”nin meydanındakı son iki matçda heç-heçə qeydə alınıb.
Neftçi – Sumqayıt: 27 oyun, 14 qələbə, 4 heç-heçə, 9 məğlubiyyət, top fərqi 43-31

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button