Bolqarıstanda daha 4 medal şansı
Bolqarıstanın Veliko Tırnova şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov beynəlxalq turniri sona yaxınlaşır.
Komanda.az xəbər verir ki, ənənəvi yarışın 5-ci günündə son beş sərbəst güləşçimiz mübarizəyə qoşulub.
Orxan Abasov (86 kq) 1/8 finalda gürcü Sandro Aminaşviliylə qarşılaşıb. Son saniyələrdə hakimlərin mübahisəli qərarları nəticəsində rəqib 9:7 hesablı qələbəyə sevinib. Sandro finala yüksəldiyi üçün Orxan təsəlliverici görüşdə iştirak edəcək.
Abubakr Abakarov (86 kq) təsnifat mərhələsində gürcü Qoqa Mamiauriyə qalib gəlib – 7:1. Yığmamızın üzvü 1/8 finalda əlcəzairli Fateh Benfercellahı vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Gürcüstanın digər təmsilçisi Zaur Beradzeylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib (4:3) ayrılan Abakarov yarımfinala yüksəlib. Abubakr hindistanlı Sanjet Sanjeti də məğlub (8:4) edərək finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada Aminaşviliylə qarşılaşacaq.
Mübarizəyə 1/4 finaldan qoşulan İslam İlyasov (97 kq) belaruslu Aleksandr Xuştinə uduzub – 1:4.
Onunla eyni çəkidə çıxış edən Məhəmmədxan Məhəmmədov ilk mərhələdə gürcü İuza Tsertsvadzeyə heç bir şans tanımayıb – 11:2. Məhəmmədxan daha sonra belaruslu Vasili Pavluçenkaya tam üstünlüklə qalib gəlib – 15:4. Məhəmmədov yarımfinalda Xuştini “tuşe” ilə məğlubiyyətə uğradaraq adını finala yazdırıb. Məhəmmədxan həlledici görüşdə iranlı Meysam Abdiylə qarşılaşacaq.
Rahid Həmidli (125 kq) startda bolqar İslam Adizovdan güclü olub – 6:3. Həmyerlimiz 1/4 finalda Bolqarıstanın digər təmsilçisi Georgi İvanovu vaxtından əvvəl məğlub edib – 13:0. Rahid yarımfinalda finlandiyalı Yere Heyno ilə qarşılaşıb və rəqibinə 0:5 hesabıyla uduzaraq ümidini bürünc medala bağlayıb.
Qeyd edək ki, bu çəkilərdə həlledici görüşlər fevralın 20-də keçiriləcək. Təsəlliverici qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Bundan 1 saat sonra isə medallar uğrunda mübarizəyə start veriləcək.
Bizi Facebook-da izləyin