“Bojoviçin baş məşqçi təyin olunmasına görə şadam”
“Çox şadam ki, komandamızda belə bir mütəxəssis işləyəcək”.
Komanda.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Reziuan Mirzov komandanın yeni baş məşqçisi Miodraq Bojoviç haqqında danışarkən deyib.
30 yaşlı yarımmüdafiəçi onun Rusiya Premyer Liqasının bir çox klublarında işlədiyini xatırladıb: “Haradasa 10 il müddətində “Dinamo”, “Lokomotiv”, “Rostov”, “Arsenal” (Tula) kimi komandaların baş məşqçisi olub və yaxşı nəticələr qazanıb. Baş məşqçimiz mənim çox yaxşı tanıdığım bir çox insanlarla birlikdə çalışıb. Həmin şəxslər həm insan, həm də məşqçi kimi Bojoviç haqqında yalnız yaxşı fikirlər səsləndirirlər. Deyirlər ki, yaxşı oyun qurur, hücum futbolu oynadır, komanda daxilində müsbət ab-hava yaradır, yaxşı nəticələr göstərmək üçün səylə çalışır”.
Rusiyalı oyunçu Bojoviçlə işləməsə də, bir-birilərini tanıdıqlarını söyləyib: “Rusiyada üz-üzə gələndə görüşüb söhbətləşirdik. O, Rusiya Premyer Liqasında işlədiyi dönəmdə mən də orada çıxış etmişəm. Düşünürəm ki, mənim güclü və zəif tərəflərimi, nəyə qadir olduğumu bilir. Çox şadam ki, komandamızı belə bir məşqçi çalışdıracaq. Ümid edirəm ki, onun rəhbərliyi altında hər şey istədiyimiz kimi alınacaq və turnir cədvəlində mümkün qədər çox irəliləyəcəyik”.
Bizi Facebook-da izləyin