Boatenq “Beşiktaş”da!

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Fiorentina” klubunun hücumçusu Kevin-Prins Boatenqi heyətinə qatıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Almaniyada anadan olan, Qana yığmasının formasını geyinmiş 32 yaşlı forvard 1,5 illik icarəyə götürülüb. Lakin hələlik “Beşiktaş” rəsmi olaraq bu transferi açıqlamayıb.

Karyerası ərzində “Herta”, “Tottenhem”, “Borussiya” (Dortmund), “Portsmut”, “Milan”, “Şalke”, “Las Palmas”, “Ayntraxt”, “Sassuolo” və “Barselona” klublarının da formasını geyinmiş Boatenq, bu mövsümün əvvəlindən “Fiorentina”da çıxış edirdi. O, bu komandanın heyətində 20 oyuna çıxıb, 1 qola imza atıb.

“Beşiktaş” bosniya və herseqovinalı Aydin Hasiçlə də müqavilə bağlayıb. Zaqreb “Dinamo”sundan transfer olunan gənc oyunçu ilə 4,5 illik müqavilə imzalanıb. Klubun əvvəlki rəhbərliyi ona illik 3 milyon 375 min avro təklif etsə də, indiki rəhbərlik futbolçunun ailəsi ilə təkrar görüş keçirib və bu məbləğ 2 milyon 475 min avroya endirilib.

İstanbul klubu öz oyunçularından Orkan Çınarla olan müqaviləsinə isə xitam verdiyini açıqlayıb. 24 yaşlı futbolçu ilə anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. O, “ağ-qaralar”ın heyətində bu mövsüm 5 oyuna çıxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button