“Bizim üçün heç nə bitməyib” – Samir Abasov
“Hazırlıq prosesində iştirak etməyən futbolçular müxtəlif günlərdə bizə qoşulacaqlar”.
Komanda.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasına açıqlamasında qış təlim-məşq toplanışına başlamaları barədə danışarkən deyib.
44 yaşlı mütəxəssis beş gün Bakıda hazırlıq keçəcəklərini, daha sonra Türkiyənin Antalya şəhərinə yollanacaqlarını xatırladıb:
“Burada yoldaşlıq matçları keçirəcəyik. Problemlər olmasa, tam heyətlə – əlimizdə olan futbolçularla Antalya toplanışına yollanacağıq”.
Abasov, “Neftçi-2″dən bir neçə oyunçunun hazırlıq prosesinə qatıldığını söyləyib:
“Gənclər daim bizim nəzarətimiz altındadır. Əvəzedici komandanın oyunlarına baxırdıq və onların məşqçilərindən yaxşı rəy almışıq. Bu gün bizimlə birlikdədirlər. Onlara stimul olsun deyə, dəvət etdik. Hər şey özlərindən asılıdır. Biz daim gənclərə yol açırıq. Onları Türkiyə toplanışına da aparmağı düşünürük”.
Baş məşqçi yeni transferlər Azər Salahlı və Eddi İsrafilovun komandaya faydalı olacaqlarını vurğulayıb:
“Onlar milli komandada tanıdığımız futbolçulardır. Hansı ki, biz 6 ay yerli oyunçularla bağlı problemlər yaşamışdıq. Fikirləşdik ki, komandanı bacardığımız qədər yerli oyunçularla gücləndirək. Buna da nail olduq. Azər Salahlıda zədə ilə bağlı müəyyən problem var. Bu, bir həftəyə həllini tapacaq. Hazırda fərdi məşqlərlə kifayətlənir. Hər ikisi təcrübəli futbolçulardır. Düşürəm ki, bu transferlər problemlərimizi aradan qaldırmaqda bir az köməklik edəcək”.
Abasov, mövsümün ikinci yarısında əllərindən gələni edəcəklərini deyib:
“Bizim üçün heç nə itməyib. Çempionata yaxşı hazırlaşmalıyıq. Keçən il transferlərimizdə bir az gecikmələr oldu və problemlər yaşadıq. Bunun acı nəticəsini çempionatda yaşadıq. Oyunçular istəmədən zədələnirdi və uyğunlaşma prosesini keçmədiyi üçün istədiyimiz formada deyildi. Qış toplanışı bu baxımdan bizə kömək olacaq”.
“Neftçi” 14-cü turdan sonra 22 xalla “Zirə” ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.
Bizi Facebook-da izləyin