“Bizim üçün ən böyük mükafat elə kuboku qazanmağımız olar” – MÜSAHİBƏ

“Sabah”ın yarımmüdafiəçisi Tellur Mütəllimov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Əvvəlcə “Neftçi” ilə kubokda keçirdiyiniz oyun haqda fikirlərini bölüşərdin…

– İlk oyunda qalib gəlsək də, bunun hələ heç nəyi həll etmədiyini bilirdik. Bu, sadəcə, oyunun ilk hissəsi idi. Gözlədiyimiz kimi, gərgin oyun oldu. Rəqibin də imkanları oldu. Ancaq fasilədən sonra meydanda üstün tərəf biz idik. Oyun heç-heçə bitsə də, qalib gəlmək üçün yaxşı fürsətlərimiz oldu. Şadam ki, finala vəsiqə qazandıq.

Səfər matçında sanki, daha rahat görünürdüz…

– Cavab oyununda da komandada özünəinam var idi. Sadəcə, bizim kimi, rəqib də finala vəsiqə qazanmaq istəyirdi. Ona görə, cavab oyununun müəyyən hissəsində rəqibin üstünlüyünün olması başadüşüləndir.

İkinci hissədə yaxşı şanslarınız oldu, yararlana bilmədiz. Son nöqtəni qoymaqda nə çatışmırdı?

– Doğrudan da, ikinci hissədə bir çox real qol fürsətlərimiz oldu. Ancaq son nöqtədə dəqiqlik çatmadı. Bu, futboldur, bəzən çoxlu qol fürsəti yaratsan da istifadə edə bilmirsən. Bəzən də tam əksi olur. Bir qol fürsəti yaradırsan və bundan maksimum istifadə edirsən. Əlbəttə, cavab oyununda da qalib gəlmək istəyirdik. Amma bu kubok oyunudur və burda əsas olan mərhələ adlamaqdır ki, buna da nail olduq.

Kubokun finalına çıxdığınıza görə rəhbərlik tərəfindən mükafat nəzərdə tutulub?

– Rəhbərlik hər zaman bizim üçün ən yaxşı şəraiti yaradıb. Bizim üçün ən böyük mükafat elə kuboku qazanmağımız olar.

Kubokun finalında “Qarabağ” qarşısında şansınızı necə dəyərləndirirsən?

– Məncə, “Qarabağ” barədə xüsusi nə isə deməyə ehtiyac yoxdur. Bizi çox çətin və maraqlı oyunun gözlədiyini bilirik. Ancaq final oyunlarında şanslar həmişə 50-50 olur.

Premyer Liqada bu tur evdə kubokun finalındakı rəqibiniz “Qarabağ”ı qəbul edəcəksiz. Bu oyunla bağlı düşüncələrin nədir?

– Maraqlı təsadüfdür. Məncə, finalda rəqib olmağımız bu oyuna olan azarkeş marağını bir az da artıracaq. “Qarabağ”la oyunlarımız həmişə maraqlı keçir. İnanıram ki, bu dəfə də azarkeşlər maraqlı oyunun şahidi olacaqlar.

Qarşıda beş tur var və görünən odur ki, avrokuboklara yollanmaq üçün “Sabah”ın ümidi ölkə kubokuna qalıb. Bunun fonunda çempionat oyunlarına necə yanaşacaqsız?

– İstənilən halda, çempionatda da sona kimi mübarizə aparacağıq. Rəqiblərlə aramızda olan xal fərqinə məhəl qoymadan hər oyuna qələbə üçün çıxmalı, ən kiçik şansdan da maksimum istifadə etməliyik.

Avrokuboklara yollanmasaz, müvsümü “Sabah” üçün uğursuz hesab etmək olar?

– Məncə, indidən bu barədə danışmaq tezdir. Hazırda yalnız qarşıdakı oyunlarımız barədə danışa bilərəm. Bayaq da qeyd etdiyim kimi, indi yalnız hər matça qələbə üçün çıxmaq barədə düşünməliyik. Mövsümlə bağlı yekun fikirləri çempionat və kubok başa çatdıqdan sonra daha rahat dəyərləndirmək olar.

“Sabah”ın heyətində demək olar ki, mütəmadi meydana çıxırsan. Milli komandadan dəvət gözləyirsən?

– Mənə inandıqlarına görə məşqçilərə təşəkkür edirəm. İstər məşqlərdə, istərsə də oyunlarda mənə olan bu inamı doğrultmaq üçün əlimdən gələni edirəm. Milli komandada oynamaq hər bir futbolçu üçün fəxrdir. Mənim üçün də həmçinin. Dəvət alsam, bundan qürur duyaram.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button