“Futbol veteranlarımızın hamısı ağlamalı vəziyyətdədir” – MÜSAHİBƏ
“Araz Naxçıvan” və Azərbaycan yığmasının keçmiş üzvü, Kanadanın futzal üzrə yeniyetmələrdən ibarət milli komandasının baş məşqçisi Elnur Qəmbərovun Komanda.az saytına müsahibəsi:
– Elnur bəy, hazırda Kanadada yaşayırsız. Əvvəlcə bu barədə danışaq.
– Artıq 7 ildir ki, Kanadada yaşayıram. Oradakı yaşam şərtləri, qayda-qanunlar təbii ki, buradan çox fərqlənir, daha sərtdir, eyni zamanda riayət edən də çoxdur. Lakin Azərbaycan üçün çox darıxıram. Buranın yeməkləri, meyvə-tərəvəzləri çox dadlıdır. Mədəniyyət baxımından da bizim ölkəmiz daha güclüdür. Ancaq Kanadada iş baxımından sabitlik var. Yəni rahat olursan ki, istədiyim vaxt iş tapa biləcəm.
– Orda ailənizlə birlikdə qalırsız?
– Bəli, ailəmlə birlikdə yaşayıram. İki oğlum var, biri futbolla məşğul olur digəri isə hüququ oxuyur. Kiçik oğlum böyük futboldadır.
– Azərbaycan üçün çox darıxırsız?
– Hə, mən Azərbaycan üçün çox darıxıram. İndi fikirləşirəm ki, bəlkə, heç qayıtmayım (gülür). Uşaqlarım isə ora çox alışıblar. Burdan gedəndə birinin 8, digərinin 12 yaşı var idi. Qayıtmağı düşünmürlər.
– Bura gəliş səbəbiniz işlə bağlıdır, yoxsa istirahət?
– Əslində istirahət məqsədi ilə gəlmişəm. Amma bir iş təklifi almışam və dəyərləndirməyi düşünürəm. Çünki mən artıq orda yaşaya bilmirəm, çox darıxıram, həm yeməklər, həm də insanlar baxımından. Əvvəllər millidə oynadığım zaman da belə idim. Xaricə gedirdik 2-3 günlük, onda belə, tez qayıtmağı düşünürdüm.
– Nəyə görə böyük futbolu yox, futzalı seçmisiz?
– Mən böyük futbol da oynamışam. 16 yaşımda “Neftçi”də çempion olmuşam, 1996-1997 ci illərdə. “Şəfa”, “Bakı Fəhləsi” kimi komandalarda oynamışam. Yadınızdadırsa, bir ara Fuad Musayevin vaxtında futbol dayandı, çox oyunçular getdi mini futbola. Mən futzala üz tutdum. “Gömrükçü” komandası var idi, orada oynayırdım. Sonra bəyəndilər, mən də qaldım futzalda.
– Futzalla böyük futbol arasında nə kimi fərqlər var?
– Mənə elə gəlir ki, böyük futbola nisbətən futzalda daha tez fikirləşməlisən. Bir az geçikən kimi top əldən çıxır.
– Kanadada futzala münasibət necədir, azarkeşlər çoxdur?
– Orda futzala münasibət zəifdir.
– Yəqin ki, Azərbaycan futzalını izləyirsiz, hansı çatışmayan cəhətlər var?
– Çatışmayan cəhətlər çoxdur. Birincisi, elə baş məşqçi. Futzal millisinin baş məşqçisi 2007-ci ildən burdadır. 15 ildir komandanı çalışdırır, lakin son 8 ildə ortada nəticə yoxdur. Nə milli adına, nə də “Araz Naxçıvan”ın adına. “Araz Naxçıvan” gedib yunanlara uduzur. Biz oynadığımız vaxt yunanlara gözübağlı 5-6 qol vururduq. İkinci məsələ isə komandalara diqqət ayrılmamasıdır. Eyni zamanda, maliyyə yoxdur. Marketinq çox zəifdir, sponsorlar yoxdur.
– Hansısa azərbaycanlı futzalçını kanadalılara təklif etmisiz?
– Bəli, “Neftçi”dən Vahid Qocayevi. Artıq sənədləri də hazırdır, 6 illik vizası belə, verilib. Mənimlə birlikdə millidə çıxış etmiş Serjao da hazırda Kanadadadır. İstəyirəm onlar mənə millidə kömək etsin. Mən Kanadada böyük futbolda da işlədiyim üçün işlərimi çatdıra bilmirəm. Yaxın vaxtlarda böyük bir futzal akademiyası da açmağı düşünürük.
– Yəni bura geri dönsəz belə, kanadalılarla əməkdaşlıq edəcəksiz?
– Bəli, çünki artıq orada işlərimi qurmuşam. İnanmıram ki, buradakı iş məsələsi alınsın.
– Böyük futbola necə, marağınız varmı? Azərbaycanın hansı klubuna azarkeşlik edirsiz?
– Mən “Neftçi” azarkeşiyəm, çünki o klubda oynamışam. Qardaşım “Neftçi”də ilk Azərbaycan çempionu olub. Məncə, indi “Neftçi” maliyyə baxımından bir az sıxıntı çəkir.
– Yeni transferlərdən sonra çoxu düşünür ki, bu il nəticə olacaq…
– Bəli, izləyirəm, yaxşı transferlər edirlər.
– “Neftçi”də baş məşqçi də dəyişdi.
– Hə, amma Samir Abasovun “Neftçi”dən getməsi doğru olmadı. “Neftçi” bu il ikinci yer tutdu, lakin onu komandadan çıxardılar. Azarkeşlərlə olan söz-söhbətini də eşitdim. Bunu səbəb kimi göstərirlər, amma mütəxəssis kimi yaxşı işləyirdi. Məsələn, “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqanı niyə saxladılar? Komanda sonuncu yerdədir. Ayxan Abbasov baş məşqçi olduğu zaman on dəfə güclü oyun göstərirdilər. Səbəb bilirsiz nədir? Bizim ölkədə xarici məşqçilərə şərait yaradılır, özümüzünkülərə isə icazə verilmir.
Aftandil Hacıyevi çıxardılar “Səbail”dən. Səbəb? Mahmud Qurbanov bizə əzizdir. Amma biri işindən azad olunduğu zaman səbəb olmalıdır. Azərbaycanda yerli məşqçilərə, yəni bizə qiymət verilmir. Günah isə AFFA-da oturan Məşqçilər Komitəsindədir. Heç nə danışmırlar, xarici məşqçilərə heç nə deyə bilmirlər. Öz məşqçilərimizi pisləməyi yaxşı bacarırlar. Necə ki, Rəşad Sadıqova deyirdilər təcrübəsizdir. Məsələ budur.
İnanırsız, mənə nə qədər zənglər gəlir… Futbol veteranlarımızın hamısı ağlamalı vəziyyətdədir, yardım istəyirlər. İnanın, utanıram onlara cavab verməyə. Onlar məndən min dəfə güclüdürlər.
– Millinin oyunlarına da baxırsız?
– Artıq baxmıram. Əvvəl bir az maraqlı idi, izləyirdim. Millinin durumu göz önündədir. Mənə Kanadada gülürlər ki, milliniz yenə uduzdu. Çox utancvericidir.
Son olaraq, demək istəyirəm ki, federasiyalara sual verin, görün, nəyə görə ancaq xarici məşqçiyə üstünlük verirlər. Niyə onları saxlayırlar? “Araz Naxçıvan” gedir yunanlara uduzur, niyə hələ də baş məşqçini saxlayırlar. Səbəb? “Neftçi” futzal klubu nə vaxta qədər ikinci yer üçün mübarizə aparacaq? Kuboku götürüb aparırlar rəhbərliyin yanına, rəhbərlik də 100 manat pul verir, ciblərinə qoyub xərcləyirlər. Futzalda ölkə kubokunu qazanana 100 manatdan artıq pul verilmir. Etiraz edənlərə də deyirlər ki, kim istəmir, çıxıb getsin. İnanın, insan söz tapmır deməyə. Millinin, “Ekol”un, “Araz Naxçıvan”ın oyunçuları indi çayxanalarda işləyirlər. Biz bu durumda futzalı necə yüksəldə bilərik?
Mehri Qurban
Bizi Facebook-da izləyin