Ayxan Abbasov “Şamaxı”nın növbəti mövsüm üçün hədəfini açıqladı – MÜSAHİBƏ

“Şamaxı”nın və Azərbaycanın U-21 millisinin baş məşqçisi Ayxan Abbasov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Ayxan bəy, yeni mövsümün hazırlıqlarına başlamısız?

– Hələ ki, başlamamışıq. İyulun 5-də yığışacağıq. İlk toplanışımız Qəbələdə başlayacaq.

– “Şamaxı”nı tərk edənlər və komandaya yeni qoşulanlar barədə nə deyə bilərsiz?

– Komandanı tərk edənlər oldu. Onların son mövsümdə komandamızın Premyer Liqada qalması üçün böyük əməkləri keçib. Gedənlərin yerinə yeni transferlər axtarırıq, bununla yanaşı, qalanlar da var. Gedənlərə uğurlar arzulayıram, yeni gələnlər də inanıram ki, tez bir zamanda bizə qoşulub, uyğunlaşacaqlar.

– Transfer çalışmaları nə yerdədir?

– Oruc Məmmədovu (“Səbail”) transfer etmişik, Emil Süleymanovu “Qəbələ”dən bir illik icarəyə götürmüşük. Gənc futbolçu Həbib İsmayılovu “Neftçi”nin əvəzedicilərindən almışıq. Legionerlərlə bağlı da danışdığımız, razılaşdığımız futbolçular var. Yaxın günlərdə, toplaşana qədər bu kimi məsələləri bitirəcəyik.

– Ötən mövsüm məqsədiniz Premyer Liqada qalmaq idisə, yeni mövsümdə hədəf nədir?

– Bizim kimi sponsorsuz komandada iddianı qaldırmaq çətindir. Biz də istəyərdik ki, komandanı həm qoruyaq, həm də güclənək. Əlbəttə, bax, onda iddia dəyişilə, qalxa bilər. Amma bugünkü gündə ən çox istədiyimiz Premyer Liqada yerimizi qoruyub saxlamaqdır.

– Büdcə məsələsində hansısa yenilik var?

– Yox. Hələ ki, gözləyirik. Dövlətin verdiyi büdcədir. Ondan əlavə, bilirsiz ki, bizdə sponsor yoxdur.

– U-21-də işlər necə gedir?

– U-21 hələ ki, istirahətdədir. Komandalarımız yığışdıqdan sonra futbolçuları izləyəcəyik. Yoldaşlıq görüşləri bitdi, sentyabrda rəsmi oyunlar başlayacaq. Ümid edirəm ki, bütün futbolçular öz komandalarında şans qazanarlar və formada olarlar. Bu bizim üçün vacibdir.

– İndiyə kimi əsas millinin baş məşqçisi Fernandu Santuşla görüşmüsüz? Sizə hansısa məsləhətlər verib?

– Santuşla iki dəfə görüşmüşük. Hər toplanışdan əvvəl əlaqə saxlayırıq. Ümumən, gənc futbolçular barəsində söhbət edirik, fikir mübadiləsi aparırıq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button