“Bizim futbolçu nəslimiz kəsilir” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “İctimai” TV-də yayımlanan “Bol idman” verilişində qonaq olub.

Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssis aşağı yaş qruplarında vəziyyətin yaxşı olmadığını bildirib:

“Elə yaş qruplarımız var ki, adlarını çəkmək istəmirəm. Gedib kənardan baxır və fikirləşirsən ki, 6-7 ildən sonra bizi nə gözləyir? 6-7 il sonra nə edəcəyik? Bunlar qarşılıqlı müzakirəyə çıxarılmalıdır. Bu sahədə daha savadlı ekspertlərimiz kimdirsə, onlarla müzakirə olunmalıdır. Lazımdırsa, beynəlxalq mütəxəssislər dəvət olunmalı, bir çıxış yolu tapılmalıdır. Bu gün gedən proseslər göstərir ki, bu, çıxış yolu deyil. Bizim futbolçu nəslimiz kəsilir”.

Sadıqov xatırladıb ki, futbolçu nəslinin kəsilməyə doğru getdiyini beş il əvvəl də deyib:

“2017-ci ilin dekabrında İtaliyada “Roma”nın U-19 komandasına qarşı UEFA Gənclər Liqasının son tur oyunundan sonra açıqlamamda söyləmişdim ki, bəzi mövqelərdə futbolçu nəslimiz kəsilir. Müxtəlif mövqelər var ki, artıq ora futbolçu gəlmir. Bəzi milliləşmiş oyunçuların, “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin yetirmələrinin hesabına bu gün millimizdə müəyyən 15-20 futbolçu var. Yaxşı ki, onlar son dönəmlərdə ortaya çıxıb. Amma geri boylananda görürsən ki, 6-7 ilə çox ciddi futbolçu qıtlığımız olacaq, 4-5 ötürməni ardıcıl verə bilməyən futbolçularla meydana çıxacağıq. Bu səbəbdən, nələrsə etmək lazımdır”.

Sadıqov Premyer Liqada limit məsələsinə də toxunub:

“Mən 7+4 tərəfdarı olmuşam. Klub sayı eyni qalıb, limit azalsa, biz yerli futbolçuları itirməyə başlayacağıq. Komanda sayı artacaqsa, 7+4 tərafdarıyam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button