Çəlikəl: “Bu qrupun bizim üçün sərfəli olması fikri ilə razı deyiləm” – Müsahibə
“Qarabağ” klubunun idman direktoru Əmrah Çəlikəlin Komanda.az saytına müsahibəsi:
- Azərbaycan millisinin Xorvatiya ilə oyunundan (1:1) sonra Mahir Emrelinin Türkiyənin “Trabzonspor” klubunun maraq dairəsində olması ilə bağlı xəbərlər yayıldı. Bununla bağlı Trabzon klubundan sizə hansısa müraciət olub?
- Xeyr, bu məsələylə bağlı heç bir şifahi və ya rəsmi təklif olmayıb.
- İcarə əsasında heyətə qatılan Asmir Beqoviç üçün “Bornmut”a ödənilən məbləğ açıqlanmadı…
- Bəli, Beqoviçi icarə əsasında komandaya cəlb etmişik, amma bu keçidin maliyyə şərtlərini açıqlamırıq. Bu, klubun şəxsi məsələsidir.
- Artıq transferlər yekunlaşıbmı, yoxsa azad agent statusu daşıyan hansısa futbolçuların transferi gözlənilir?
- Bəli, artıq transferlər yekunlaşıb. Yanvar ayına kimi yeni transfer gözlənilmir. Yanvarda ehtiyac olarsa, baş məşqçimiz bu işlə məşğul olacaq.
- Premyer Liqanın növbəti turunda keçiriləcək “Neftçi” ilə oyunun biletlərinin qiyməti son günlər müzakirə mövzusudur. Mətbuatda yayılan xəbərlərdə oyuna biletlərin qiymətinin 51 manat olacağı bildirilirdi.
- Biletlərin qiyməti artıq dəqiqləşib. Normal çempionat oyunlarının qiyməti kimi olacaq. Biz biletlərin qiymətində artım etməyəcəyik. Həm “Qarabağ”, həm də “Neftçi” tərəfdən daha çox azarkeşin gəlməsini istəyirik. Bizim azarkeşlərin qarşısını almaq fikrimiz yoxdur. Ona görə də, biletlərin qiymətində hansısa dəyişiklik etməyəcəyik.
- Qarşıdan Avropa Liqasının qrup mərhələsinin oyunları gəlir. Çoxu düşünür ki, “Qarabağ”ın bu dəfə yer aldığı qrup əvvəlki illərə nisbətən daha asandır. Komandanızın bu qrupdan çıxmalı olduğunu düşünürlər. Sizin fikirləriniz, gözləntiləriniz nədir?
- Bizim hər zaman fikrimiz qrupdan çıxmaq olub. Amma bu qrupun bizim üçün sərfəli olması fikri ilə razı deyiləm. Yenə də yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin