
“Ən böyük sıxıntımız odur ki, futbolçular savad baxımından çox geri qalır” – MÜSAHİBƏ
Bakıda təlim-məşq toplanışında olan Azərbaycanın U-15 millisi bu gün Monteneqrodan olan həmyaşıdları ilə yoxlama oyunu keçirib.
İlk oyunda heç-heçə edən və ikinci qarşılaşmada 3:1 hesabı ilə qalib gələn Azərbaycanın həm U-15, həm U-16, həm də U-17 millisinin baş məşqçisi Aqil Nəbiyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Aqil bəy, öncə toplanışla bağlı fikirlərinizi bölüşərdiz. İki oyun keçirdiz, birində heçə-heç etdiz və digərində isə qələbə qazandız.
– U-15-lə demək olar ki, ilk toplanışımız idi. Rəqibimizin artıq yeddinci toplanışıdır, təcrübələri var. Öz millimizi ilk dəfə tanıyırıq. Liqaları, hazırlıq oyunlarını izləmişik. Uşaqlar haqqında da məlumatımız var. Artıq komanda ilə 5-6 gündür ki, bir yerdəyik. Üç məşqdən sonra oyuna çıxmışıq. Təbii ki, komandada potensial var. Düzdür, fiziki durumumuzda problemlərimiz var. Bunu ilk oyunda da, ikincidə də yaşadıq. Və təbii ki, bu da liqaların yeni başlaması və bəzi klubların məşqlərə gec başlaması ilə bağlı idi. Ümid edirəm ki, toplanış sayları, beynəlxalq oyunlar daha çox olduqca, bu komanda ilə böyük iş görmək olar. Hər iki oyun demək olar ki, bizim üstünlüyümüz şəraitində keçdi. İlk oyun heç-heçə, ikincidə qələbə. Daha dominant oynadıq, daha çox topa sahib olduq. Daha çox qol epizodlarımız oldu.
Dediyim kimi, sıxıntılarımız, çatışmazlıqlarımız var. Çatışmazlıqların ən böyük səbəblərindən biri də, dediyim kimi, komandanın ilk toplanışı olduğu üçün uşaqların ümumi davranış problemləri var. Milli komandaya ilk dəfə gəldikləri üçün ümumi olaraq uyğunlaşma problemləri yaşayırlar. Ona görə də, bir az zaman lazımdır. Yəni, həqiqətən də, uşaqların göstərdiyi xarakter, qələbə bizə xoş təsir bağışlayır, gələcəyə ümid verir. Dediyim kimi, yaxşı işlər görmək olar, yaxşı potensial var. Ümid edirəm ki, bu komanda ilə daha çox toplanış, daha çox beynəlxalq oyunlar keçirdikdən sonra uşaqların inkişafı göz qabağında olacaq.
– Planda növbəti toplanış var?
– Təbii ki, bu komandanın inkişaf turniri var. Turnir yəqin ki, noyabrın ilk günlərində olacaq. Həmin vaxt toplanacağıq. Və dediyim kimi, sıxıntımız, bizim ən böyük problemimiz yeni toplanmış komanda, uyğunlaşama, uşaqların ilk dəfə milli komandaya dəvət olunmaları, həyəcan, stress – istər-istəməz bu amillər bizə maneçilik törədir. Amma bacardığımız qədər bu kimi amilləri aradan qaldırmağa çalışacağıq, məşqçilərimizlə bir yerdə. U-15, U-16, U-17 ilə nəticələrimiz göz qabağındadır. Dediyim kimi, daha yaxşı nəticələr gələcək, daha da böyük işlər görəcəyik. Sadəcə, zaman lazımdır.
– Elə bir uşaq oldu ki, bu toplanışda görmək istədiz, amma hansısa səbəbdən görə bilmədiz?
– Təbii ki. Uşaqlar var, liqalar təzə başlayıb. Oyunları izləyəcəyik, baxacağıq. Yeni dəvət olunan futbolçular da olacaq. Dediyim kimi, hələ bir az zaman lazımdır. Bütün oyunları izləmək üçün bizə vaxt lazımdır. Biz tək U-15-i izləmirik, U-16, U-17, U-19 liqalarını da izləyirik. Çünki bizim orada futbolçularımız var. Bacardığımız qədər bütün oyunları izləmişik və izləyəcəyik. Çünki bizim işimiz sırf seleksiyadır, yaxşı seleksiya aparıb, bunun da nəticəsini görməliyik.
– Yaxın günlərdə MDB oyunları başlayacaq. Sualım 2010 təvəllüdlü uşaqlarla bağlıdır. Komanda bu turnirə hazırdır?
– U-16 sentyabrın 13-də toplanışı başa vurdu. Gürcüstan milli komandasına qarşı iki oyun keçirdik. Təbii ki, potensial var. Uşaqların ən böyük problemlərindən biri, bayaq U-15-lə bağlı dediyim kimi, U-16-lara da aiddir. Liqalar başlamamışdı, bəzi komandalar gec toplanmışdı. Ona görə, ən böyük sıxıntımız fiziki durumumuzla bağlıdır. U-16 komandası ilə ayın 22-də yığışacaq və MDB oyunlarına hazırlaşacağıq. Üç gün toplanışdan sonra ayın 25-də Qəbələyə yola düşəcəyik. Təbii ki, hədəfimiz çempion olmaq, kuboku qaldırmaqdır. Çünki buna potensialımız var. İnanıram, komandama güvənirəm. Bu vaxta kimi komanda ilə yaxşı işlər görmüşük.
– Bəs, üç gün kifayət edəcək hazırlıq üçün?
– Komandanı ayın 13-də buraxmışıq. Ayın 6-dan 13-nə kimi toplanış oldu. İki oyun keçirdik. Təbii ki, liqalar var və biz istənilən vaxt oyunçu götürə bilmirik. Amma ayın 25-i, 26-sı Qəbələdə məşqimiz olacaq. Ayın 27-də artıq oyuna çıxacağıq. Dediyim kimi, futbolçular artıq bizim nə istədiyimizi bilir. Komanda ilə üç toplanış keçirmişik. Təbii ki, bu böyük bir vaxt deyil. Amma oyunçuların bizim nə istədiyimizdən məlumatları var. Biz də onlara tez-tez – qrupları var ki, istər oyun təhlilləri, istərsə də digər məlumatlar olsun – ötürə bilirik.
– U-17 millisi bilirik ki, Avropa çempionatına gedəcək. Orada işlər necədir? Səfərlərə nə vaxt çıxacaqsız, plan bəllidir?
– Təbii ki, bizim qrafikimiz bilirsiz ki, tam olaraq sıxdır. Ayın 6-dan 13-nə kimi toplanışımız, indi U-15-başladı, daha sonra U-16-larla başlayacaq. Bizim ayın 29-u toplanışımız var, tam olaraq iki yerə bölünəcəyik. Ayın 29-30-u U-17-lərlə toplanacağıq. Seçimimiz geniş deyil. Bilirsiz ki, bizim ən böyük sıxıntılarımızdan biri seçimimizin az olmasıdır. Məcburiyyətdən potensiallı 2010-ları dəvət edirik. Düşünürük ki, artıq 2010 yaş qrupuna bir neçə nəfər 2011-lərdən dəvət edək. Daha bir sıxıntılı məqam odur ki, vaxt az olacaq. Bilirsiz ki, MDB, ondan sonra Avropa seçmə oyunları var. Ona görə də, biz gecə-gündüz demək olar ki, yatmırıq. Çox götür-qoy edirik ki, sıxıntılarımız olmasın.
Təbii ki, qrupumuz çətindir. U-17 ilə Fransa, İsrail, Rumınya yığmaları ilə qarşılaşacağıq. Amma buna baxmayaraq, komandama güvənirəm. Çünki komandada potensial var, sadəcə, mən bunu həmişə vurğulayaraq deyirəm ki, toplanış saylarımız daha çox olarsa, daha böyük işlər görmək olar.
– Ötən günlərdə sosial şəbəkədə uşaqların kitab oxumaları ilə bağlı video-görüntü yayıldı. Bununla bağlı nə deyə bilərsiz?
– Bilirsiz, mən həyatım boyu reklamı sevməmişəm, kimlərin vasitəsi ilə ötürüldüyünü bilmirəm. Amma mən bunu 2005 yaş qrupuna 2021-ci ildən tətbiq edirəm. Yəni, məlumatı ötürmüş olsaydım, həmin vaxt ötürərdim. Digər tərəfdən, lap ötürülsə belə, təbliğat olaraq pis təbliğat deyil. Uşaqların maariflənməsi, savad baxımından daha çox inkişaf etməsi, “söz qabları”nın daha geniş olması. Bizim ən böyük sıxıntımız odur ki, futbolçular savad baxımından çox geri qalır. Bu bizim işimiz olmasa belə, 2021-ci ildən bununla da məşğuluq. Hər gün 45 dəqiqə, 1 saat buna vaxt ayırırıq. Uşaqlar məktəb hazırlıqlarını burada edirlər, həm də ki, xüsusi kitablar gətirib burda oxuyurlar. Və dediyim kimi, mən burada qəbahətli bir şey görmürəm. Biz burada pis alüdəçiliyi, vərdişləri təbliğ etmirik. Bu, bütün hamıya nümunə olmalıdır ki, hə, biz futbolçular haqqında necə düşünürük, onların gələcəyi üçün sırf – ümid edirəm ki, hamısı yaxşı futbolçu olar. Amma futbolçu kimi karyeralarını davam etdirməsələr belə, vətənə, ailəsinə yararlı bir övlad olsun. Çünki onlar bizə lazımdır, bizim gələcəyimzdir. Ona görə də, kimlərsə buna pis baxırsa, o adamlar özləri barədə bir az düşünsünlər.
– Üç yaş qrupuna başçılıq edirsiz və sizin düşüncənizə görə, bu üç yaş qrupundan ən potensiallı hansılardır, gələcəkdə yaxşı futbolçu olacağını vəd edən uşaqlar var?
– Mən bunu 2021-ci ildə 2005 və 2006 yaş qrupları ilə bağlı demişdim. Şahin Şahniyarov olsun, Xəyal Fərzullayev, Rüfət Abbasov, Edqar Adilxanov, Sadiq Şəfiyev – bir çoxunun adını saymaq olar. Murad Məmmədov, Nihat Əhmədzadə – bir çoxu. Həmin uşaqlar bizim futbolçulardır ki, hətta biz demişdik ki, bunlar gələcəkdə əsas millinin, U-21-in futbolçuları olacaq. Eyni şeyi həmin üç yaş qrupuna da aid edirəm ki, 2009, 2010, 2011 yaş qruplarında da potensiallı futbolçularımız var. Sadəcə olaraq, klubla milli arasında kordinasiya olmalıdır. Bunun bəhrəsini görmək üçün böyük işlər görülməlidir. Zaman lazımdır, zaman keçdikcə görəcəksiz ki, buradan yuxarı komandalara futbolçular çıxacaq və mən inanıram ki, Avropada da adımızdan söz etdirəcəyik.
– Aşağı yaş qruplarında son vaxtlar alışmadığımız qələbələrin sayı artır.
– Bunun səbəbi düzgün çalışmalardır. Dediyim kimi, zaman olsa, daha böyük işlər görmək olar, qələbələrin sayı daha çox olar. Həqiqətən, bu gün biz sevinirik, çünki Azərbaycan futbolu qələbələrə “ac”dır. Bizi bugünkü gündə “Qarabağ” sevindirir Avropa arenasında. Eyni şeyi biz də milli səviyyəsində etməyə, xalqımızı sevindirməyə çalışırıq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



