“Dedilər ki, aprelin 11-də, saat 2-də burda olun” – Mahir Rüstəmli

Bu gün “Futbol+” qəzetinin kollektivinin KİVDF-nin əməkdaşlığı dayandırmasına etiraz olaraq aksiya keçirdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, aksiyanın sonunda qəzetin bir neçə üzvü Prezident aparatında qəbulda olub. “Futbol+”in baş redaktoru Mahir Rüstəmli görüşdən sonra jurnalistlərə açıqlama verib:

  • KİVDF-nin ofisinin qarşısından gəlirik. Orda tələblərimizi səsləndirdik. Və belə hesab etdik ki, öz etirazımızı Prezident aparatına da çatdırmaq lazımdır. Bir az növbədə gözlədik, ancaq sonra qəbul etdilər. Dərdimizi dedik və dinlədilər. Dedilər ki, aprelin 11-də, saat 2-də gəlin qəbula. Bizi qəbul edəcəklər. Ondan sonra növbəti fəaliyyət planımızı müəyyənləşdirəcəyik.
  • Kim qəbul edəcək sizi?
  • Onu demədilər, sadəcə dedilər ki, aprelin 11-də, saat 2-də burda olun.
  • Əli Orucov qəbul etmişdi sizi?
  • Qəbul şöbəsində qəbul etdilər. Dinlədilər və problemlərlə maraqlandılar.
  • Gözləntiləriniz nədir?
  • Açığı, KİVDF-nin bugünkü anlaşılmaz addımı, sonra bizi heç qəbul etməməsi, onların bizə hörmətsiz münasibətini göstərir. Həm bizim qəzetimizə, həm də jurnalistikaya, jurnalistlərə hörmətsizlik edirlər. Qəbul normal keçdi. Ümid edirəm ki, burda sağlam məntiq qalib gələcək. Ağıllı mövqe qoyacaqlar ortaya və dərdimiz eşidiləcək, bunu gözləyirəm. Ümid edirəm ki, sonunda haqq qazanacaq.
  • KİVDF-nin pulu kəsməsiylə sizə konkret nə qədər ziyan dəyib?
  • KİVDF-nin ayırdığı 5 min manat bizim aylıq büdcəmizin 38-40 faizini təşkil edir. Bu kəsiləcəyi təqdirdə, özünüz də bilirsiz ki, nə normal reklam bazarı var, nə normal satış bazarı var, nə metrolarda qəzet satışı var. Hətta bu satışdan əlavə, bu gün aprelin 9-udur, ancaq biz yanvarın pulunu ala bilməmişik. “Futbol+”in satılmış nüsxələrinin belə, pulunu ala bilmirik. Təbii ki, bu pul bizim üçün bir nəfəslik idi. Hər ayın 4-də, 5-də köçürülən pul, qəzetin fəaliyyətini maliyyələşdirməyə imkan verirdi. Düzdür, borclu qalırdıq – mətbəəyə, o biri xərclərə, kommunala. Amma gecikdirsək də, ödəyirdik. Bu halda 5 min manatımızın kəsilməsi, büdcəmizin yarısının kəsilməsi deməkdir. Üstəlik, satdığımız qəzetlərin də pulunu ala bilmirik. Bu, qəzetin fəaliyyətinə ciddi fəsadlar yaradır.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button