“Bizi müdafiədə oynamağa “Neftçi” məcbur etdi” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalının “Neftçi” ilə cavab qarşılaşmasından sonra (0:2) açıqlama verib.

Komanda.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Bu, kubokun cavab oyunu idi. İlk oyun rəqibi aqressiv etmişdi. Onlar hücum futbolu oynayırdılar. Futbolçularım onların qarşısını ala bilirdi. Yorğunluq öz sözünü deyirdi. İlk qoldan sonra psixoloji üstünlük onların tərəfinə keçdi. İkinci qol isə qismət idi. Alınmadı. Futbolçularıma təşəkkür edirəm. Möhtəşəm ab-hava var idi. Getdikcə daha da yaxşı olacağıq. Vaxt lazımdır. Həqiqətən, üzgün olsaq da, qarşıda bizi çempionat oyunları gözləyir. Çətin də olsa, beş oyuna köklənəcəyik və növbəti mövsümdən sonra daha da yaxşı çıxış edəcəyik.

Əlbəttə, evdəki üstünlüyü qorumaq istəyirdik. Şanslarımız oldu. Bu gün “Neftçi” bizi məcbur etdi ki, müdafiə olunaq. Onlarla açıq futbol oynamaq gücündə deyildik. Topu hara gəldi vurmaq fikri ilə razı deyiləm. Qapını toxunulmaz saxlamaq üçün bu, normaldır. “Neftçi” ilə “Turan”ı müqayisə etmək, hazırda çətindir. Biz çempionat oyununda “Neftçi” ilə açıq futbol oynamışdıq. Çalışdıq ki, meydançanın hər yerində kompakt olaq. Alınıb-alınmaması rəqibin futbolçularından və bizdən asılı oldu.

Tək özümüzü saymıram. Elitada yeni olan komandalara baxıram. Məncə, hamımız eyni səviyyədəyik. Məqsədimiz möhkəmlənmək və liqada qalmaq idi. Məncə, bacardığımızı etdik. Transferlər etdiyimiz zaman çətinlik çəkirdik. Komanda illərlə etibar qazanır. Hər şey üçün vaxt lazım olur. Daha iddialı olmaq çətindir. Çalışacağıq ki, hazırkı səviyyəmizdən daha yaxşı olaq.

Biz hesablamalar aparırıq. Hər şey ola bilər. Mən komandaya gələn gündən inanıram. Amma bu, futboldur. Digər komandalar da xal itirə bilər. Kubok məsələsi bitdi! Finala çıxmaq istəyirdik, amma qismət. Bu gün “Neftçi” ilə yarımfinal matçı oynamaq belə böyük uğurdur”.

Xatırladaq ki, iki oyunun nəticəsinə əsasən, Tovuz klubu 1:2 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button