Bizi dostluqdan əlavə, yaxşı rəqabət gözləyir – Müsahibə

“Səbail”dən Qazaxıstan “Tobol”una keçən Emil Balayev klubun rəsmi saytına müsahibə verib.

Komanda.az  həmin müsahibəni təqdim edir:

– Özünüz barədə danışardız.

– Volqoqradda anadan olmuşam. Beş yaşında isə valideynlərim Bakıya köçməklə bağlı qərar veriblər. Futbola hədsiz həvəsim var idi. Uşaqlıqda məhələddə uşaqlarla oyanayardıq. Bu sevgimə görə babam məni futbola yazdırdı. Sözün düzünü desəm, o zaman ağlıma gəlməzdi ki, peşəkar futbolçu olaram. Bir müddət sonra “Neftçi”nin seleksiyaçılarının diqqətini çəkdim və mənimlə müqavilə imzaladılar. Ancaq peşəkar karyeramda ilk debütümü “Neftçi”də deyil, “Sumqayıt”da etmişəm. O dönəm həmin komandada icarə əsasında çıxış edirdim.

– “Ayntraxt”a keçidiniz necə alınmışdı?

– Gənc olsam da, milliyə dəvət alırdım. O dönəm yığmamızın çalışdırıcısı Berti Foqts, köməkçisi də Volfqanq Rolf idi. O, həm də “Ayntraxt”ın baş məşqçisi Tomas Şaafın köməkçilərindən biri idi. Rolfun məsləhətiylə Bundesliqa klubunda baxışda oldum. 2014-cü ilin noyabrında Frankfurt təmsilçisində iki həftə məşqlərdə oldum. Məni bəyəndilər və “Neftçi”dən transfer etdilər.

– Almaniya Bundesliqası barədə təəssüratlarınız necədir?

– Bildiyiniz kimi, Bundesliqa TOP-5-likdə yer alıb. Səviyyə fərqindən təşkilatçılığa kimi orda hər şey fərqlidir. Orda keçirdiyim oyunlar və məşqlər mənim üçün böyük təcrübə oldu.

– “Tobol”a keçidiniz necə alındı?

– Sözün düzü, “Tobol”un mənimlə maraqlandığını bilirdim. Rəsmi təklifdən sonra atam, məşqçilərim və Dmitri Kramarenko ilə məsləhətləşdim. Futbolçu qərar verməmişdən öncə hər şeyi götür-qoy etməlidir. Qərar aldım ki, “Tobol”a müsbət cavab verim. Qazaxıstanda futbol və çempionat dayanmadan inkişaf etdiyi üçün “Tobol”a transferimi Azərbaycanda müsbət qarşıladılar.

– Hansı dillərdə danışa bilirsiz?

– Azərbaycan, rus və türk dillərində sərbəst danışıram. İngilis dilim də pis deyil. Bir az alman dilində də anlayışım var.

– Qazaxıstan çempionatı barədə fikirləriniz necədir?

– Ötən il Qazaxıstanla Azərbaycan milli komandalarının yoxlama görüşlərini yaxşı xatırlayıram. Sizin milliniz oyunda 3:0 hesabı ilə qalib gəldi. Onda anlamışdım ki, qazaxlar əsasən, atletik futbola üstünlük verirlər. Təklif alanda sonra da müəyyən araşdırmalara başladım. “Tobol” ötən mövsümü 3-cü yerdə tamamlayıb və yayda Avropa Liqasında çıxış edəcək. Tanışlarımın köməkliyilə araşdırmalar apardım, mənə mehriban kollektiv olduğunu dedilər.

– Qazaxıstanda oynayan futbolçulardan kiminlə tanışlığın var?

– Elə burdakı komanda yoldaşım Nika Kvekveskirini yaxşı tanıyıram. O, Azərbaycanda “İnter”lə “Qəbələ”də oynayıb.

– Ümidləri doğrultmalısız…

– Çox az sayda azərbaycanlı futbolçu ölkə xaricində top qovur. Ona görə də mənə ikiqat diqqət olacağını bilirəm. Məsuliyyəti dərk edirəm. Uğur qazanmaq və mənə güvənənlərin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəm.

– Necə münasibətlə qarşılandız?

– Gözlədiyimdən də yaxşı. İlk gündən hamı yanımda oldu. Komandamızın kapitanı Azat Nurqaliyev məni oteldən kənarda şam yeməyinə dəvət etdi. İnzibati heyət, məşqçilər korpusu, klub rəhbərliyi məni isti qarşıladı. Xoş təəssüratlara malikəm.

– Daha çox kiminlə vaxtınızı keçirirsiz?

– Hamıyla münasibətim yaxşıdır. Ancaq daha çox Aleksandr Kleşenko ilə söhbətləşirəm. O, həm otaq yoldaşımdır, həm də yeni transfer. Bu da başadüşüləndir.

– Digər qapıçılarla münasibətiniz necədir?

– İlk gündən onlarla dostluq edirəm, hər şey əladır. Məşqlərdə və meydandan kənarda söhbətimiz olur. Onlar yüksək keyfiyyətlərə sahibdirlər. Bizi dostluqdan əlavə, yaxşı rəqabət gözləyir. Yayda Avropa Liqasında oyunlarımız olacaq. Yaxşı nəticələri arzu edirəm. Qazaxıstanda çempion olmaq istəyirəm. Reallaşsa, karyeram üçün ciddi nəticə sayılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button