“Biz oynayanda bizə qiymət verəcəklər” – Moldova klubunun azərbaycanlı direktoru

“Moldfootball.com” portalı Moldovanın “Dinamo-Avto” klubunun idman direktoru vəzifəsini tutan “Pelican” futbol agentliyinin rəhbərlərindən Rəsul Allahverdiyevdən müsahibə götürüb.

Komanda.az həmin müsahibənin əsas hissələrini təqdim edir:

“Mən Türkiyə Futbol Federasiyasının lisenziyalı FİFA məsləhətçisiyəm. “Pelican” adlı agentlik daxilində müxtəlif layihələr üzərində işləyirik. Bəziləri elə bilir ki, biz yalnız oyunçuların maraqlarını təmsil edirik, lakin bu, bizim işlərimizdən yalnız biridir. Əməkdaşlarımızın əksəriyyəti bölgəmizdə FİFA-nın vasitəçiliyi ilə UEFA Assist adlanan tərəfdaşlıq layihələrində iştirak edir – söhbət futbol idarəçiliyinin modernləşdirilməsi və infrastruktur layihələrindən gedir. Biz təkcə Türkiyədə deyil, İranda, hətta Makedoniyada da oxşar proqramlar hazırlayırıq.

Həmçinin, gənc futbolçulara skautuq edən bölməmiz var. Türkiyədə yerləşən düşərgə mərkəzlərimiz var. Əsasən, müxtəlif yaşlarda olan oyunçularını bizə göndərən Afrika federasiyaları ilə işləyirik. Onları Avropa futboluna uyğunlaşdırırıq. Bizimlə 4-6 ay vaxt keçirirlər, sonra yavaş-yavaş peşəkar klublara göndəririk. Qərara gəldik ki, bu futbolçuların oynaya biləcəyi öz klubumuz olsa, daha yaxşı olar. Nəticədə, “Dinamo-Avto”nu almağa qərar verdik”.

Azərbaycanlı futbol mütəxəssisi bildirib ki, əməkdaşlıq üçün Moldova klubu onlara müraciət edib:

“Əvvəlcə onlar özləri bizə müraciət etdilər. Biz bu variantı nəzərdən keçirdik, bu layihəni götürmək bizim üçün maraqlı oldu. Futbolçularımız milli komandaların gələcək oyunçularıdır. Bəziləri U-20, bəziləri U-23, bəziləri artıq əsas milli komandalarda oynayır. Onların indi bizim akademik rəhbərliyimiz altında təcrübə keçmək üçün bir yerə ehtiyacı var ki, ən azı bir mövsüm oynaya bilsinlər. İnanırıq ki, o zaman onların inkişafı düzgün istiqamətdə davam edəcək. Bu, Moldova futbolçularına da aiddir, çünki biz bütün istedadlı gəncləri bir araya gətiririk. Dörd moldovalını Türkiyəyə təlim keçməyə apardıq, onlardan üçü artıq müqavilə imzalayıb. Bunlar həm də, gələcəyi bizim üçün önəmli olan istedadlı oyunçulardır”.

Allahverdiyev, “Dinamo- Avto” ilə bağlı hədəflərindən də danışıb:

“Hətta bunu eşitmək mənim üçün bir az gülməli gəlir. İnsanlar bəzən deyirlər: ilk ildə qarşınıza Avropa yarışlarına çıxmaq vəzifəsi qoya bilərsiz? Həvəskar kimi səslənir. Əvvəlcə təcrübə qazanmaq istəyirik. Mən bir mütəxəssis kimi təcrübəli ola bilərəm, amma futbolçularımızda, məşqçilər korpusunda hələ belə təcrübəmiz yoxdur. Bu o deməkdir ki, bu təcrübəni qazanmaq lazımdır və bunun bizə hansı nəticəni gətirəcəyini görəcəyik. Təbii ki, meydana uduzmaq məqsədi ilə çıxmayacağıq. İdman mübarizədir, ona görə də, mübarizə aparacağıq”.

Azərbaycanlı futbol adamı, “Dinamo-Avto”nun baş məşqçi məsələsi ilə bağlı sualın açıq qaldığını bildirib:

“Komanda hazırda Türkiyədə yerləşən texniki qərargahımız tərəfindən hazırlanır. Bu komandanı özüm idarə etmişəm, gələcəyə gəlincə, görəcəyik. İndiyədək “Dinamo-Avto”nun idman direktoru vəzifəsini tutmuşam. Baş məşqçiyə gəlincə, sual hələ də açıqdır. Bu insan bizim futbola baxışımızı və spesifikliyimizi anlamalı olacaq. Bizim artıq müəyyən oyun tərzimiz və üslubumuz var. İndi böyük sözlər demək istəmirəm. Biz oynayanda bizə qiymət verəcəklər.

Bizim ciddi layihəmiz var, infrastruktur qurmaq istəyirik, bu layihəni inkişaf etdirmək istəyirik”.

Allahverdiyev “baş məşqçi moldovalı olacaq, yoxsa əcnəbi” sualına belə cavab verib:

“İndi bu haqda danışmaq tezdir. Ad çəkmək düzgün olmazdı, çünki hələ heç kimlə razılaşmamışıq. Türkiyəli mütəxəssis? Ola bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button