“Biz meydanda maksimumu edək, nəticəni Allah verəcək” – “Araz-Naxçıvan”ın futbolçusu
“Hər zaman deyirəm ki, biz meydanda maksimumu edək, nəticəni Allah verəcək. Dildə yox, əməldə rəqibdən istəkli olmalıyıq”.
Komanda.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev klubun rəsmi saytına müsahibəsində deyib.
29 yaşlı yarımmüdafiəçi ilk dövrədəki çıxışlarını dəyərləndirib:
“14 xal topladıq, hesabımızdakı xalların sayı çox da ola bilərdi. Mövsümün startına az vaxt qalmış toplaşsaq da, oyunumuz və nəticələrimiz ilə diqqətləri cəlb edə bildik. Komandanın necə çıxış edəcəyi əksəriyyət üçün maraqlı idi. Autsayderlər sırasında öncüllərdən hesab olunurduq. Ancaq matçlar bu düşüncələri darmadağı etdi. Qeyd etdiyim kimi, xoş təəssürat yaratdıq. Bunun üçün də hər görüşdə əlimizdən gələnin ən yaxşısını etdik. Oyundan-oyuna artırdıq, nəticələrimiz də müsbət qrafik üzrə hərəkət etdi. Fikrimi yekunlaşdırım, 1-ci dövrə bizim üçün yaxşı keçdi”.
Abdullayev baş məşqçi Azər Bağırovun onlardan bütün oyunlarda maksimum xal toplamağı istədiyini söyləyib:
“Rəqibin gücünə görə xal tələbi dəyişmirdi. Meydana çıxmışıqsa, udmalıyıq. Ancaq elə matçlar oldu ki, 90 dəqiqə ərzində aşkar üstünlük bizdə olsa da, bunu hesaba daşıya bilmədik. “Səbail”lə görüşə görə çox təəssüflənirəm. Xüsusilə də, birinci hissədə oyuna tam nəzarət bizdə idi, azı 3 real qol epizodunu qaçırdıq. Əvəzində matçın sonuna yaxın məğlub duruma düşdük”.
O, turnir cədvəlindəki mövqelərini qoruya biləcəklərini deyib:
“Buna ümidimiz böyükdür. Dürüst olsaq, məşqlərdə verilən tapşırıqları oyunlarda icra edə bilsək, niyə də mümkün olmasın? Biz düzgün hərəkət etsək, nəticələrimiz də yaxşılaşacaq”.
Yarımmüdafiəçi 10-cu turda üz-üzə gələcəkləri “Qəbələ” ilə matça da toxunub:
“Baş məşqçi oyun ərəfəsində tapşırıqlarını verəcək. Ancaq meydana çıxırıqsa, rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmalıyıq. Əvvəlki görüş kifayət qədər ağır keçdi. “Sabah” bu gün Premyer Liqada ən güclü heyətə malik, yaxşı futbolçulardan qurulmuş 2-3 klubdan biridir. Keyfiyyətli oyunçular olan yerdə ustalıq hər an sözünü deyir. Belə komandalar öz meydanında hesabda geri düşəndə daha təhlükəli olurlar”.
“Araz-Naxçıvan” 9 turdan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin