“Hayduk”u gözümüzdə çox böyütmək lazım deyil” – SORĞU

Avrokuboklarda ikinci təsnifat mərhələsinin ilk oyunları artıq baş tutub. Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” səfərdə “Şelbrun” üzərində 3:0 hesablı qələbəyə sevinib. “Sabah” Konfrans Liqasında səfərdə “Petrokub”u 2:0, “Araz-Naxçıvan” Bakıda “Aris”i 2:1 hesabı ilə məğlub edib. Konfrans Liqasındakı digər təmsilçimiz “Zirə” isə Bakıda “Hayduk”la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Komanda.az bu nəticələrlə bağlı “ilk oyunlardan sonra komandalarımızın mərhələ adlamaq şanslarını necə görürsüz, proqnozunuz nədir” sualı ilə idman mediasında çalışan həmkarlarımıza müraciət edib:

Kənan Həsənov (“Report.az”)

“İkinci təsnifat mərhələsinin ilk oyunlarında qeydə alınan nəticələrdən sonra dörd təmsilçimizdən yalnız ikisi özünü rahat hiss edə bilər. Söhbət təbii ki, Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” və Avropa Liqasından Konfrans Liqasına düşən “Sabah”dan gedir. Fikrimcə, biz artıq “Qarabağ”ı növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edə bilərik.

Eyni sözlər “Sabah”a da aid ola bilər. Düzdür, “Sabah”ın “Petrokub”la ilk oyununda işi o qədər asan olmadı. Komandamız oyunun sonunda istəyinə çatsa da, rəqib qapıçının kobud səhvləri həlledici rol oynadı. Bununla belə, düşünürəm ki, “Sabah” 2:0 hesablı üstünlüyü əldən verməyəcək və Bakıda da rəqibinə qalib gələrək, növbəti mərhələyə keçəcək.

Digər iki təmsilçimizə gəldikdə, “Zirə”nin şansları haqda o qədər də aydın danışmaq mümkün olmur. 1:1 hesabı “Hayduk”un xeyrinədir, çünki komanda səfərdən heç-heçə ilə qayıdıb və təbii ki, doğma azarkeşləri önündə tam fərqli oynayacaq. “Zirə” sürətli oyuna üstünlük verir və bundan istifadə etməyə çalışacaq. Ümumən, Bakıdakı oyunda da “Zirə” rəqibindən üstün oyun göstərməklə diqqət çəkdi. İnanaq ki, biz eyni ssenariyə Xorvatiyada da şahid olacağıq.

“Araz-Naxçıvan” cütün qalibini düzü, Mərdəkanda həll edə bilərdi. Həmin oyunda Hamidu Keytanın matçın sonlarında yaxaladığı epizod qola çevrilsəydi, “Araz-Naxçıvan” Salonikiyə rahat gedə bilərdi. Komandamız rəqibdən üstün olsa da, 2:1 hesabı elə də ciddi fərq deyil. “Aris” öz azarkeşləri önündə daha çox irəli atılacaq və fərqli oyun göstərəcək. Lakin yenə də, “Araz-Naxçıvan” bir addım öndə görünür və oyunçularımız rəqib komandanın boşluqlarından istifadə edəcək.

Ümumiləşdirsək, komandalarımızın dördünün də növbəti mərhələyə keçmək şansı var”.

Saleh Arslan (“Korner.az”)

”3:0 hesablı qələbə “Qarabağ” üçün mükəmməl start oldu. Səfərdə üç cavabsız qol çox ciddi üstünlükdür. Bu nəticə “Qarabağ”ın 90 faizlik ehtimalla növbəti mərhələdə olduğunun göstəricisidir.

İlk oyun göstərdi ki, “Hayduk”u gözümüzdə çox böyütmək lazım deyil. Gedişat da göstərdi ki, “Zirə” Bakıdakı oyununu bir az da təkmilləşdirsə, daha nizam-intizamlı oynasa, cavab görüşündə istədiyi nəticəni əldə edə bilər.

“Sabah”ın səfərdən 2:0 hesablı qələbə ilə dönməsi də əla nəticədir. Cavab oyununda Moldovanın orta səviyyəli komandasını əldə buraxmaq “Sabah” üçün böyük ayıb olar.

“Araz-Naxçıvan” evdə qələbə qazansa da, buraxılan qol cavab oyununda başağrısı ola bilər. Rəqib “Aris” öz meydanında daha “dişli” oynayacaq. Buna görə də, “Araz-Naxçıvan”ıın müdafiədə səhvlərə yol verməməsi və azı bir qol vurması vacib olacaq”.

Natiq Muxtarlı (“Aut.az”)

”Qarabağ”ın mərhələni adlayacağına heç bir şübhə yoxdur. Qurban Qurbanovun yetirmələrinin oyun planında müəyyən problemləri olsa da, cütün taleyini elə səfərdə həll etdilər. “Qarabağ” kimi komanda üç topluq fərqi heç vaxt əldən verməz. Baxmayaraq ki, Qurban Qurbanov yenə də ehtiyatı əldən vermir. Bu, yaxşıdır, amma rəqibin səviyyəsi bu fərqi qapatmağa yetərli deyil.

“Sabah” da böyük ölçüdə mərhələni adlamış kimi görünür. “Bayquşlar”ın rəqibinin açıq-aşkar zəif olduğu ilk qarşılaşmada bilindi. “Sabah” Bakıda avantüraya getməsə, mərhələni asanlıqla keçəcək.

“Zirə”nin mərhələ keçəcəyi şübhəli görünür, baxmayaraq ki, Xorvatiya klubu ilk qarşılaşmada ortababdan da aşağı komanda təsiri bağışladı. Amma təəssüf ki, “Zirə” də adidən adi komanda kimi görünür. Xorvatlar öz meydanlarında daha aqressiv olacaqlar. “Zirə” bu təzyiqə davam gətirə biləcək? Şübhə edirəm.

İlk qarşılaşma göstərdi ki, “Araz-Naxçıvan” da rəqibindən üstündür. “Aris”in baş məşqçisi “ikinci oyun tam fərqi olacaq” desə də, buna əhəmiyyət verməyə lüzum yoxdur. “Araz-Naxçıvan” “səfər xofu”nu üzərindən ata, öz oyununu oynaya bilsə, “Aris”i mübarizədən kənarlaşdıracaq. Sadəcə, komanda topa və oyuna nəzarət etməli, yaradılacaq şanslardan maksimum yararlanmalıdır. Belə olsa, “Aris”in heç bir şansı olmayacaq”.

Mehman Suleymanov (“Presssport.az”)

“Mənim fikrimcə, təmsilçilərimizdən “Qarabağ” və “Sabah” artıq növbəti mərhələyə çıxmaq vəzifəsini həll edib. Düzdür, bu, futboldur və cütün qalibi cavab matçı ilə bəlli olur. Lakin düşünmürəm ki, burada hansısa bir sensasiya olacaq. Çünki unutmayaq ki, hər iki komandamız inamlı qələbəni səfərdə qazanıb. “Qarabağ”a heç bir şübhə yoxdur. “Sabah” da hazırda rəqibindən üstün olduğunu göstərdi.

Digər iki təmsilçimizə gəldikdə, bəli, onların rəqibləri çətindir. Bu komandalar uduzsa, Avropa macərası onlar üçün başa çatacaq. Bu mənada, məncə, “Zirə”nin işi ən çətinidir, çünki komanda hesabda irəli olsa da, qələbəni qoruya bilmədi. “Zirə”nin şansını azaldan əsas amil heyətdə ciddi itkilərin olmasıdır. Xüsusən də, Konatenin yoxluğu komandaya təsir edəcək.

“Araz-Naxçıvan” isə güclü rəqib üzərində qələbə qazanmağı bacardı və deyərdim ki, yaxşı oyun nümayiş etdirdi. Yeni transferləri də komandaya tez uyğunlaşa biliblər. Məncə, “Araz-Naxçıvan”ın növbəti mərhələyə keçmək şansı 50 faizdən çoxdur. Və unutmayaq ki, istənilən hesablı bərabərlik komandanı növbəti mərhələyə çıxardacaq. “Araz-Naxçıvan” bunu reallaşdırmaq gücündədir”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button