“Rəhbərliyi qane edən sistem yaratmışıq” – “Qarabağ” rəsmisi
“Qarabağ”ın baş meneceri Asif Əsgərov Polşa mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, klub rəsmisi müsahibəsində “Qarabağ”ın transfer siyasəti barədə də danışıb:
“Həyatda heç nə təsadüfən olmur. Bizim nəticələrimiz ağır işimizin nəticəsidir. Transfer prosesi il boyu həyata keçirilir. Biz sistemimizə uyğun oyunçular axtarırıq, yerli və milli reallıqları nəzərə almalıyıq. Ümumi qaydamız belədir ki, futbolçunun haradan olmasının, harada oynamasının fərqi yoxdur. Əsasən, onun futbolumuza, mentalitetimizə uyğunlaşması lazımdır”.
Əsgərov bildirib ki, “Qarabağ”ın o qədər çox pulu yoxdur ki, ağlını itirsin və istədiyi bütün oyunçuları alsın:
“Daha çox sərbəst və sistemimizə uyğun olanları axtarırıq. Transfer siyasətimiz son illərdə xüsusilə yaxşı işləyir. Rəhbərliyi qane edən sistem yaratmışıq”.
O, komandaya ulduz futbolçular transfer etməmələrinin səbəbini də açıqlayıb:
“Pedro Enrikeni adına görə icarəyə götürməmişdik. Yeganə səbəb oyun sistemimizə uyğun gəlməsi idi. Biz adlardan daha çox sistemə üstünlük veririk. Keçmiş ulduzla müqavilə bağlayırsız, fotolara, reklamlara zaman ayırırsız. Nəticə əldə etməyə isə vaxt qalmır”.
Əsgərov klubun keçmiş mətbuat katibi Nurlan İbrahimov barədə UEFA-nın çıxardığı ömürlük futboldan uzaqlaşdırma cəzası barədə də danışıb:
“Ümid edirəm ki, Nurlan İbrahimovla bağlı düzgün və daha yumşaq qərar çıxarılacaq. İstənilən şəxsi ittiham etmək olar, amma özünüzü küçədə futbol oynadığı vaxt bomba ilə tikələrə bölünmüş 7 yaşlı uşağın yerinə qoymağa çalışın. Mən Nurlanı heç vaxt belə görməmişəm. Həmin yazısı müharibə barədə emosional səhvi idi. Qızları olan bir ata kimi o, ermənilərin Tərtəri bombalamasından qəzəblənmişdi. Hirsi soyuduqdan sonra isə yazısını silmişdi. Hesab edirəm ki, o, səhvə yol vermişdi. Ancaq futboldan ömürlük kənarlaşdırılmağa layiq olmadığı üçün əsaslar kifayət qədərdir. Nurlan heç kimi öldürə bilməz”.
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin