Bizə qələbə lazımdır, nağıl yox!

İsveçdə, Solnadayıq – “Strouberi Arena”da.

Azərbaycan millisinin UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi son matçı üçün yarışacağı saata, 23:45-ə dəqiqələr qalıb. Təbii ki, oyunun başlaması üçün səbirsizlənirik desəm, yalan olar. Milli bütün suallara Qəbələdə, Estoniya yığması ilə 0:0 edəndə demək olar ki, aydınlıq gətirdi. Dolu tribunalar qarşısında rəqibi heç cür cəzalandırmaq mümkün olmadı. Düzünü desəm, ölkənin bir nömrəli komandası əlindən gələni etmişdi ki, top fərqi bir yana, ən azı qələbə qazansın Qəbələdəki matçda. Amma Fernandu Santuş cənablarının dediyi kimi, yaxşı çıxış etmişdi rəqibin qapıçısı həmin oyunda. Beş oyunun birində demək olar ki, səhvsiz oynamışdı portuqaliyalı mütəxəssisin yetirmələri, onda da son nöqtəni qoyan tapılmadı.

Gələk İsveçdəki oyuna… Millimiz artıq meydandadır, futbolçularımız isinməyə start verib. Skandinaviya ölkəsində əsl futbol – “çıx meydana, parçala rəqibi” havası hökm sürür. Rəqib güclüdür, amma yenilməz deyil. Haydı uşaqlar, bu sevinci Azərbaycan xalqından əsirgəməyin. O ayrı məsələ ki, İsveç millisi nə qədər qrupda liderliyi təmin etmiş olsa da, qələbə qazanmaq üçün əlindən gələni edəcək ki, dünya çempionatının final mərhələsinə vəsiqə əldə etmək baxımından durumunu daha da əlverişli etsin.

Hə… Futbolçularımız isinir. Hər kəs sevincli, hər kəsin üzü gülür. Sanki lazımi nəticəni əldə ediblər, yerlərinin “behini verib”, sıradan bir yoldaşlıq oyunu kimi meydanda mübarizə aparacaqlar. Hər halda, mənim müşahidələrim bunu deməyə əsas verir.

Millimiz D Liqasına yuvarlanmağın astanasındadır. Bəlkə də, cənab Santuş “elə bir şey əldə etmək istəyirik ki, bunu Azərbaycan millisi bu günə qədər əldə edə bilməyib” deyəndə bu “uğur”u nəzərdə tuturmuş? Görünən odur ki, bu lənətə gəlmiş “tarixi anti-nailiyyət”i millimiz bu gün bizə ilk dəfə yaşadacaq.

Bu yerdə bir haşiyəyə çıxıb, İsveçə səfərimizi təşkil edən “Misli”-yə təşəkkür edirik ki, bizə bu oyunu işıqlandırmağa şərait yaratdılar.

Hər bir halda, bu gün bizə millimizə uğurlar arzulamaq qalır. Ümid sonda ölür. Yenə də, ümidimiz var. Ümidimiz var ki, millimiz qələbə qazanar, sevindirər hər kəsi. Millidən yalnız və yalnız uğurlu çıxış, layiqli nəticə – qələbə gözləyirik, Skandinaviyanın bu soyuq ölkəsində. Artıq kimsə çıxıb deməsin “komanda yaxşı, parlaq oyun göstərir, gələcəyə ümid verir” nağılları uydurmasın. Döyüşmək və qalib olmaq üçün bundan gözəl atmosfer ola bilməz.

Fəxri Rüstəmli/Stokholm

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button