AFFA, idman prinsiplərinə hörmət et!
Əmir
Mövsüm get-gedə sona yaxınlaşır. Artıq çempion bəllidir. Sonuncu da böyük ehtimalla, “Qəbələ” olacaq. “Qırmızı-qaralar”ın son pilləni tutacağı ola bilsin elə bu turda öz təsdiqini tapsın.
İndi əsas sual bu mövsümdə də ötən il olduğu kimi idman prinsiplərinin qorunub-qorunmayacağıdır. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev istənilən halda idman prinsiplərinin qorunacağını deyib. Lakin yekun qərar yeni İcraiyyə Komitəsinin iclasında bəlli olacaq. Veriləcək fərqli qərar ötən il sonuncu olduğuna görə haqlı olaraq 1-ci liqaya göndərilən “Şamaxı”nın haqqının tapdalanması olacaq. Bəli, “Qəbələ” son 18 ildə ölkə futbolunun elitasında təmsil olunub. Futbol akademiyasına diqqət yetirən barmaqla sayılacaq klublarımızdan olub, ölkə kubokunu qazanıb, ölkəmizi iki dəfə Avropa Liqasının qrup mərhələsində təmsil edib… Amma bu, futboldur, burada zirvədə olanda qürurlanmağı bacardığın kimi, pis gündə, çöküşdə olduğun zaman da ayaqda qalmağı bacarmalısan. İllərlə yüksək səviyyəli akademiyası ilə öyünən, son bir neçə ildə 19 yaşadək futbolçular arasında keçirilən Gənclər Liqasında rəqib tanımayan “Qəbələ”nin indi həmin gənclərin xidmətindən istifadə etmək üçün əsl zamanıdır. Növbəti mövsümdən “qırmızı-qaralar” illərlə əkdiyi “ağac”ın meyvəsindən bəhrələnməli, məhz onların bünövrəsini təşkil edəcəyi komanda ilə Premyer Liqaya geri qayıtmalıdır.
İdman prinsipləri qorunsa, “Qəbələ” əsasnamədə qeyd edildiyi kimi, sonuncu olduğuna görə aşağı liqaya yollansa, onu kim və ya kimlər əvəz edəcək? Niyə kimlər? Çünki son vaxtlar növbəti mövsümdən Premyer Liqada 10 yox, 12 komandanın yarışacağı ilə bağlı iddialar var. Əlbəttə, yekun qərar növbəti ayda baş tutacaq İcraiyyə Komitəsinin iclasında müəyyənləşəcək. Bəs çempionatda 12 komanda olacağı təqdirdə, aşağı liqadan hansı “3-lük” elitaya gələcək? Bu yerdə onu xüsusilə qeyd edim ki, “Qəbələ” idman prinsiplərinə uyğun şəkildə 1-ci liqaya gedəcəksə, gələcək komandalarla bağlı da eyni qaydaya riayət edilməlidir. Məsələn, 1-ci liqadan 3 komanda gələcəksə, bu 5, 6, 8-ci komandalar yox, məhz ilk üçlükdə yer alan klublar olmalıdır. Əvvəlki illərdə buna tam riayət olunmamasının əsas səbəbi kimi lisezniya tələbləri göstərilirdi. Amma istənilən halda, aşağı liqadan gələcək istənilən klubun Premyer Liqa xərclərini qarşılayacaq sponsora malik olmamasını nəzərə almalıyıq. Uzun sözün qısası, aşağıdan gələcək klubun büdcəsinin az qala 100 faizi ayrılacaq maddi yardımla formalaşacaqsa, bunun kim olmasının nə fərqi var?
Son vaxtlar aşağı liqadan gələcək klubun mütləq şəkildə region təmsilçisi olması ilə bağlı maraqlı fikirlər də mövcuddur. Amma bu düşüncə özü belə, idman prinspilərinin pozulması deməkdir. Bir halda ki, MOİK, “Qaradağ Lökbatan” kimi klublar 1-ci liqada daha yaxşı heyət yığıb, daha yaxşı komanda formalaşdırıbsa, çempionatı daha yüksək yerlərdə yekunlaşdırıbsa, niyə onların yerini məsələn, liqanı daha aşağı yerlərdə bitirmiş “Mingəçevir”, “Araz Saatlı” və ya bir başqa komanda tutmalıdır? Futbolun regionlara yayılması üçün? Bu mövsüm Premyer Liqada çıxış edən region klublarından sözün həqiqi mənasında hansı regionu təmsil edir ki? “Araz Naxçıvan” Mərdəkanda məskunlaşıb, “Kəpəz”in müəyyən səbəblərdən Gəncədən başqa oynamadığı bölgə qalmayıb… Birinci liqadan hansısa Bakı klubunun Premyer Liqaya gəlməsi xüsusi nəyi dəyişəcək? Bakı klublarından hansısa yüksək liqaya vəsiqə verən yeri tutsa və buna uyğun addım atılaraq Premyer Liqaya buraxılsa, ən azından idman prisniplərinə riayət olunacaq. Üstəlik, bunun indidən qəti şəkildə açıqlanması aşağı liqada son turlarda mübarizəni yaxşı mənada daha da gərginləşdirəcək.
Bu gün ölkə futbolu tarixi anlarını yaşayır. Gələcək üçün əksər insanlarda böyük inam var. Bu gün qəbul ediləcək qərarlar ölkə futbolunun gələcək simasının ilk işartıları olacaq. Özülü sağlam qoymaq lazımdır ki, tikiləcək bina möhkəm olsun.
Bizi Facebook-da izləyin