
“Birinci vətənim Azərbaycan, ikinci İsraildir” – MÜSAHİBƏ
“İsta-Bakı”nın voleybolçusu Aida Mehtiyeva 2 yaşından 12 yaşına qədər İsraildə yaşayıb və orada həvəskar şəkildə voleybol, basketbol kimi idman növləri ilə məşğul olub.
O, Azərbaycan Voleybol Federasiyasının təşkil etdiyi aşağı yaş qrupları üzrə oyunda “Aura”nı 2:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Aida, əvvəlcə oyun haqda fikirlərini bölüşərdin…
– Hər iki komanda yaxşı çıxış etdi. Maraqlı oyun alındı. Oyun qarşılıqlı mübarizə şəraitində keçdi.
– Üç fərqli hissə izlədik. İlk hissədə məğlub olduz, ikincidə əzmkar qələbə, üçüncüdə isə böyük fərqlə qələbə qazandız…
– Birincidə hamımız həyəcanlandıq, ikincidə toparlanmağa çalışdıq. Üçüncü setdə isə çox yaxşı motivasiya ilə qələbəni əldə etdik. Bəxtiyar müəllim və onun xanımı Pərvin Hüseynovaya dərin təşəkkürümü bildirirəm ki, bizim üstümüzdə çox əməkləri oldu. Hansı anda nəyi necə etməli olduğumuzu bizə başa saldı və biz geridönüş edə bildik.
– Oyundan əvvəl baş məşqçiniz sənin komandanın aparıcı üzvü olduğunu desə də, əsas heyətdə buraxmadı. Buna səbəb nə idi?
– Özümü bir az yaxşı hiss etmirdim. Düşündüm ki, birinci, komandama kənardan dəstək verim. Sonradan müəllim məni meydana buraxdı və gördü ki, artıq özümü toparlamışam.
– Uzun müddət İsraildə yaşamısan və orada da idmanla məşğul olmusan. Seçim etmək imkanın olsaydı, Azərbaycan millisi, yoxsa İsrail?
– Təbii ki, Azərbaycan millisi. Burada voleybola daha çox diqqət ayrılır, şərait daha yaxşıdır. 10 il İsraildə yaşamışam. Bu yaşıma qədər daha çox illərim orada keçib. Amma yenə də, “Azərbaycan millisi” deyirəm. Birinci vətənim Azərbaycan, ikinci İsraildir.

– İsraildə dostluq etdiyin, hələ də əlaqə saxladığın kimlərsə var?
– Bəli, dostlarım var, tez-tez əlaqə saxlayırıq. Həmçinin, qohumlarım, xüsusən də, nənəm orada yaşayır. Hansı ki, mən onun adını daşıyıram. Hər biri üçün çox darıxmışam, salamlayıram.
– Komandada daha çox kimlərlə dostluq, yaxınlıq edirsən?
– Ən çox İpək, Affa, Amina, İşıl, Sara və Nurayla dostluq edirəm. Bu voleybolçularla daha yaxşı anlaşırıq, daha çox ünsiyyətdə oluruq.
– Gələcək planların nələrdir?
– Gələcəkdə ən böyük istəyim yaxşı voleybolçu olmaqdır. İstəyirəm ki, Azərbaycan millisinin əsas komandasında çıxış edim. Milliyə düşmək ən böyük arzumdur və bunun üçün çox çalışıram.

– Voleybol dərslərinə mane olmur?
– Səbail rayon 49 saylı məktəbdə təhsil alıram. Çox sağ olsun məktəbimizin direktoru Elza Bağırzadə və sinif rəhbərimiz Rəsmiyə xanım, mənim üçün yaxşı şərait yaradıblar. İdmanla məşğul olduğumu bildiklərinə görə bəzi güzəştlər edirlər. Məşqlərə davamlı qoşulmağım üçün imkanlar yaradırlar. Bütün müəllimlərimə çox təşəkkür edirəm.
– Azərbaycanda voleybolun durumunu necə qiymətləndirirsən?
– Çox yaxşı. Nizam-intizam üst səviyyədədir. Məncə, bu, bütün idman növlərində çox vacibdir.

– Voleyboldan başqa, hansı idman növünə marağın var?
– Futbolu sevirəm. Türkiyənin “Beşiktaş” komandasına azarkeşlik edirəm. Vaxtım olanda isə “Neftçi”nin oyunlarını izləyirəm.
– Aida, asudə vaxtların necə keçir?
– İdmandan başqa, gəzintini çox xoşlayıram. Vaxtım olanda ingilis dilini öyrənməyə çalışıram. Çünki bu, voleybolda çox önəmlidir. Kurslara gedib öyrənməyə çalışıram.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin