Biri Mahirə “formada deyil” dedi, digəri “təhlükəli” adlandırdı
Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç bir müddət öncə bu kluba transfer olunan Mahir Emrelinin durumundan danışıb.
Komanda.az xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Sevilya”ya (İspaniya) qarşı keçirəcəkləri cavab matçından öncəki mətbuat konfransında azərbaycanlı hücumçunun tam hazır olmadığını bildirib.
45 yaşlı mütəxəssis futbolçunun uzun müddət məşq etmədiyini və komandaya gec qoşulduğunu xatırladıb: “Sevilya” ilə ilk oyunda Mahir Emrelinin mübariz formada olmadığı göründü. Onun gəlişi də gecikdi. Hücumçunu yavaş-yavaş mümkün olan ən yaxşı vəziyyətə gətirəcəyik. İnanırıq ki, tezliklə bizə meydanda nə isə qazandırmağı bacaracaq”.
Maraqlıdır ki, “Sevilya”nın baş məşqçisi Xulen Lopetegi də Mahirlə bağlı fikirlərini bölüşüb. O, Emrelini təhlükəli futbolçu adlandırıb:
“Dinamo”nun necə komanda olduğunu bilirik. Heyətində Bruno Petkoviç, Mahir Emreli və Deni Yuriç kimi təhlükəli oyunçular var. “Dinamo”nun oyunu necə quracağına dair aydın təsəvvürlərimiz var. Rəqib nə dərəcədə ciddi komanda olduğunu ilk matçda göstərdi. Sabah hər şey daha da çətin olacaq”.
Fevralın 24-də keçiriləcək “Dinamo” – “Sevilya” matçına Bakı vaxtı ilə saat 21:45-də start veriləcək. Bu komandalar arasındakı ilk görüşdə Zaqreb təmsilçisi 1:3 hesabı ilə məğlub olub.
Bizi Facebook-da izləyin