“Bir səhvə görə futbolçunu silə bilmərik”
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
- Hesab oyunun asan olduğunu bildirməsin. Çətin oyun oldu, xüsusilə ilk hissədə oyunun belə olacağını bilirdik və belə hazırlaşmışdıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar və xarakter göstərdilər. Güclü, yaxşı komandaya qarşı oynayacağımızı bilirdik. Futbolçular təzyiqə baxmayaraq, yaxşı oyun göstərdilər və qalib gəldik. Keçən oyunda da yaxşı çıxış etmişdik, amma qələbə qolunu vura bilmədik. Bu halda da, rəqib toparlanır. Rəqib səhvdən yararlanıb qol vurmuşdu. Futbolçulara bu oyun üçün təşəkkür edirəm. Bütün həftə boyu ciddi yanaşdılar. Hər həftə belə hazırlaşırlar, amma qol vura bilməyəndə, təzyiq artır.
- “Neftçi”nin nəticələri qış fasiləsindən sonra yaxşılaşır. Bəs komanda daxilində bütün narahatlıqlar həll olunubmu?
- Futbolçuların göstərdiyi çıxışı çox bəyənirəm. Komanda daxilində heç bir problemimiz yoxdur. Nə gərginlik, nə atmosferin pis olması halı yoxdu. Futbolçulara nə tapşırıq verilirsə, sevərək yerinə yetirirlər.
- Aqil Məmmədovun vəziyyəti nə yerdədi?
- Hazırda onun yanında idim. Vəziyyəti stabildi. Həkimlər qoldan sonra sıxıntı olduğunu dedilər. Hazırda evə yollandı. Həkim müayinəsindən keçdikdən sonra dəqiq bir şey biləcəyik. Şükür ki, hazırda ciddi heç nə yoxdu.
- 4 qol vurduz, amma tribunada susqunluq vardı.
- “Forza Neftçi” bizi 90 dəqiqə dəstəklədi və onlara təşəkkür edirəm.
- Hər dəfə komandanın kapitanı komandanı azarkeşlərin yanına aparır…
- Bu haqda çox danışmışıq. Kapitan özü olmasa da, futbolçuları ora göndərdi.
Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev: “Bu məsələylə bağlı açıqlama vermək istəyirik. Bizimlə azarkeşlər arasında heç bir problem yoxdur. Emin Mahmudov özü şəxsən “Forza Neftçi” ilə 2 görüşüb. Azarkeşlər Eminə “siz qalib gəlin, yanımıza gəlməsəz də, olar. Eminlə azarkeşlər arasında şəxsi məsələlər vardı və həll olundu”.
- “Qarabağ”ın xal itirməsi, komandaya nə dərəcədə təsir göstərir? Çempionluğa inanırsız?
- Şablon cavab verməyim. Biz “Qarabağ”ın oyununa fikir veririk. Keçən oyundan sonra futbolçulara nə deyim, bilmirdim. Bunun “Qarabağ”ın xal qazanıb-qazanmaması ilə əlaqəsi yoxdu. Qol olmadıqda, komanda çətin vəziyyətə düşür. Sevinirəm ki, çoxlu qol epizodlarımız var. Bu dəqiqə çalışdığım komandanın həm hücumda, həm müdafiədə yaxşı oyun oynamasıdı. Bu gün qol vurduq, bu halda da rəqibin əzmi aşağı düşür. Yenə eyni hazırlaşmışdıq.
- Keçən oyundan sonra qapıda dəyişiklik etmək haqqında düşünmüşdüz?
- 92-ci dəqiqədə qapıçının səhvi var idi. Onu analiz etdik. Aqillə danışmışdıq. O, bu oyuna çox yaxşı hazırlaşmışdı. U-21 millisinin qapıçısı da bizdədi. Bütün qapıçılarımız keyfiyyətlidi. Bir səhvə görə futbolçunu silə bilmərik. Bu gün də göstərdik ki, futbolçularımızın arxasındayıq.
- Aqil Məmmədov milliyə namizədlər siyahısındadı. Bunu milliyə futbolçu qazandırmaq mənasında fəaliyyətinizin nəticəsi olduğunu düşünürsüzmü?
- Milliyə futbolçu verdikdə çox sevinirik. Namiq Ələsgərov da əsas heyət üzvünə çevrilib. İmkan olduğu qədər bunu etməyə çalışırıq. Milli bizimdi, yığmaya xeyrimizin dəyməsini istəyirik. Aqilə görə də sevinirik.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin