“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində səfərdə “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:
“Yenə Murad Xaçayev səhv etdi. Əlbəttə, bu, təsadüfdür. Digərləri də səhv edir. Bir nəfərin üstünə düşmək düzgün olmaz. İnsanlardı da, robot deyillər ki. Canı sağ olsun. “Qəbələ” ilə oyuna hazırlaşacağıq. Əlimizdən gələni etməyə çalışacağıq.
Hər oyunçuya verilən pul göz qabağındadır. Bizdə inkişaf etməyə çalışan futbolçular var. Amma rəqibin oyunçuları bu cür ajiotajı görüblər. Əlbəttə, fərq olacaq. Bu gün keyfiyyətdə uduzduq. İkinci hissədə rəqibi üstələdik. Onlar əks-hücumda oynamağa başladılar. İlk yarıda biz bunu etməli idik. Təəssüf ki, hücumçularımız bunun öhdəsindən gələ bilmədilər. Hər şey normaldır. Futbolçularımı göstərdikləri əzmə görə təbrik edirəm.
Abu Dossonun oyununu necə qiymətləndirərdim? Sıfır.
Transferlə bağlı rəhbərlikdən soruşun. Mən artıq yoruldum. İndi transferdən danışmağı məqsədəuyğun saymıram. Komandanın avrokuboklar zonasında olması mənim üçün, şəhərim üçün xoşdur. Heç nə itməyib. İtsə də, imkan vermərəm ki, kimsə futbolçularıma nəsə desin. Oyunun qırılma nöqtəsi Rövlanın zədələnməsi idi. Təlaşda olmalı deyilik.
Bu gün bilirdim ki, nə qədər ajiotaj var. Bu, bizi Avropada da gözləyir. “Sabah”dan dala qalmadıq. Onların futbolçularına təəccüblənirəm. Bar-bar bağıran siz idiniz ki, rəqiblər vaxt aparır. Bu gün sizi yerdən yığışdırmaq olmurdu. Bilirəm deyəcəksiz ki, əcəb edirdilər. Olsun”.
Bizi Facebook-da izləyin