“Azərbaycanlı məşqçinin xaricdə işləməsini dilinizə gətirməyin, uşaqlar” – Müsahibə

Bir müddət əvvəl “Zirə”də baş məşqçi postundan ayrılan Samir Abasovun Komanda.az saytına müsahibəsi:

– Artıq bir aya yaxındır ki, işsizsiz. Təkliflər varmı?

– Xeyr, heç bir təklif yoxdur.

– “Sabah” klubu baş məşqçi axtarışındadır. Sizinlə əlaqə qurublarmı?

– Xeyr, “Sabah” məni tanıyır, mən də onları. Belə bir əlaqəmiz olmayıb, olsa, xəbəriniz olardı. Belə şey olmadığından, heç nə deyə bilmərəm.

– Təklif olsa, qəbul edərsiz?

– Onu danışmaq lazımdır, hələ bir təklif olsun. Bu gün belə bir şey olmadığından, bu haqda danışmağım düzgün çıxmaz.

– “Qəbələ” azarkeşləri sosial şəbəkələrdə komandanın baş məşqçi postunda sizi görmək istədiklərini yazırlar…

– Allah onlardan razı olsun, təşəkkür edirəm. Həqiqətən, çox sevindirici haldır ki, bir bölgənin azarkeşləri səni istəyir. Ancaq reallıq odur ki, bu işləri azarkeşlər həll etmir. Bunu klub rəhbərliyi və bu iş üçün məsul şəxslər həll edir. Azarkeşlərdən fərqli olaraq, yəqin onların fikirləri başqadır. İndi orda baş məşqçi var, yaxşı-pis işləyir. Məncə, doğrudan da, pis işləmir. Bu məşqçinin işi rəhbərliyi qane etdiyindən, bu məsələnin bağlı olduğunu düşünürəm. Sadəcə, azarkeşlərin məni istəməsi sevindirici haldır. Ancaq yenə deyirəm, vallah, billah, nə “Qəbələ”, nə də “Sabah”la bir əlaqəm olub.

– Xaricdə işləmək variantı necə, düşünməmisiz bu haqda?

– Ümumiyyətlə, azərbaycanlı məşqçinin xaricdə işləməsini dilinizə gətirməyin, uşaqlar. Bununla bağlı dəfələrlə demişəm. Bu, mümkünsüzə bərabər bir şeydir.

– Nə üçün belə fikirləşirsiz?

– Belə deyim də, bu, hansısa komandamızın “Barselona”nı udması kimi bir anlama gəlir. Azərbaycanlı məşqçinin xaricdə işləməsi üçün həddindən artıq böyük əlaqələrin olmalıdır. Çünki sənin işinə, heç bir futbolçuna xaricdən klublar diqqət yetirmir. Yer üzündə o qədər məşqçilər var ki… Niyə bizi istəsinlər, neynəmişik ki? Harasa getmək üçün ən azından güclü əlaqələrin olmalıdır, ancaq təəssüf ki, mənim belə əlaqəm yoxdur.

– “Zirə”dən ayrıldıqdan sonra bu komandanın oyunlarını izləyirsiz?

– “Neftçi” ilə oyuna baxmamışam, ancaq “Sabah”la matçı stadiondan izlədim.

– Sizin komandanızdan fərqli bir “Zirə” görürsüz?

– Bugünkü gündə Zaur Həşimovdan dəyişiklik gözləmək həm “Zirə”, həm də Zaur üçün haqsızlıq olar. Zaur hazır komandaya gəlib. Yığılan futbolçuları dəyişmək, istədiyi oyunçuları gətirmək üçün vaxt lazımdır. Baxmayaraq ki, çempionat gedir. Bu da işin pis tərəfidir. Ancaq inanıram ki, zaman keçdikcə bunu düzəldəcək.

– Zaur Həşimovun “Zirə”də uğurlu olacağına inanırsız?

– Zatən “Zirə”nin özü özlüyündə uğurlu olmağa perspektivi var. Zaur bunu bacaraq gücdə bir şəxsdir. Uğurlu olub-olmayacağını zaman göstərəcək.

– Qapıçı Kamal Bayramovun sizinlə mübahisə etdiyi üçün “Zirə”dən ayrıldığı deyilir. Bu məsələyə aydınlıq gətirərdiz.

– Xeyr, nə mübahisə, nə də münaqişə olub. Getməyinin səbəbini verdiyi açıqlamada da deyib. Adam futbolçudur və futbolda belə şeylər olur. Getmək istədi və getdi.

– “Zirə”də olarkən Komanda.az-a verdiyiniz müsahibədə ingilis dili kursuna getdiyinizi demişdiz. Hələ də davam edirsiz?

– Bəli, davam edirəm. Bununla yanaşı, futbolla əlaqədar başqa işlər də var, onları görməyə çalışıram. Həm praktika, həm kitab oxumaq.

– Premyer Liqanın son turunun “Neftçi” – “Qarabağ” oyununu izləmisiz yəqin. Oyunla bağlı fikirləriniz nədir?

– İzləmişəm, bəli. İlk 20-25 dəqiqəni yolda olduğum üçün izləyə bilmədim, sonra baxdım. Oyundan sonra nə qədər yaxşı sözlər eşitsək də, açığı, oyun heç xoşuma gəlmədi. Derbi ab-havası oyundan əvvəl yaxşı idi, bizə belə təqdim etmişdilər. Amma oyun belə olmadı. “Qarabağ”ın oyunu normaldır, sıx qrafiklə oynayırlar. Qurban Qurbanov da oyundan sonra keçirilən konfransda 10 gündə artıq üçüncü oyunlarının olduğunu dedi. “Neftçi” üçün çox gözəl şans idi ki, “Qarabağ”ı udsun. Ancaq oyundan sonra hiss olunurdu ki, heç-heçə “Neftçi”ni qane edirdi. Nə qədər “yox” desələr də, bu belə idi. Ümumilikdə, maraqlı oyun olmadığını deyərdim.

– “Neftçi”nin oyunlarda çoxlu qol imkanları olsa da, bunu qola çevirmə baxımından problem yaşayırlar. Sizcə, bu, nədən qaynaqlanır?

– “Neftçi”də irəlidə oynayan hücumçular o imkanları yaradacaq gücdədirlər, bəlkə də, ən yaxşılardandırlar. Lakin qol vura bilməmələrini bilmirəm. Buna cavab vermək çox çətindir. Bir şey var ki, hə, düşünülmüş nələrisə edirsən, ancaq nəticəni vermirsən. “Neftçi”də imkanları kim yaradırsa, o da vura bilmir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button