“Şənbə günü böyük təzyiq altında olacağıq və müdafiə olunmağa məcburuq” – Müsahibə
Çempionlar Liqasının final matçında “Liverpul”la qarşılaşacaq “Tottenhem”in futbolçusu Harri Keyn müsahibə verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu, final matçından, rəqibdən danışıb:
- Çempionlar Liqasının final matçında iştirak etmək necə hissdir?
- Bu, ən üst səviyyədir. Son 4-5 il ərzində Maurisio Poçettino ilə birlikdə Avropanın ən güclü komandalarından birinə çevrilməyi planlaşdırırdıq. Çempionlar Liqasının finalında oynamaq həqiqətən, xüsusi bir şeydir. Bu hissi təsvir etmək çətindir. Bu mövzuda çox düşünməməyə çalışıram, çünki emosiyalar nəsə qazandırmır.
- Madriddə “Tottenhem”ə nə kömək edə bilər?
- Bu, bir az qəribədir. Premyer Liqanın atmosferinə öyrəşmişik. Bu mövsüm “Liverpul”la keçirdiyimiz oyunlarda onların üstünlüyü var. Buna baxmayaraq, düşünürəm ki, son illərdə bizim onlarla oyunlarımız çox yaxşı alınıb. Final matçı çətin olacaq, amma bilirik ki, öz gücümüzlə oynayırıq və qələbə qazana bilərik. Hər kəs “Liverpul”un böyük tarixə malik komanda olduğunu bilir, amma bizim üçün yekun qərar 90 və ya 120 dəqiqənin sonundakı nəticə ilə bilinəcək. Bu oyunda bütün gücümüzü ortaya qoymalıyıq. Bir klub olaraq, 5-10 il əvvəl bunu xəyal edə bilmirdik, amma indi burdayıq və bu fürsətə sahibik.
- Final matçında qələbə üçün sizə nə lazımdır?
- Biz artıq bu futbolçularla çətin dövrləri arxada qoymuşuq. Təbii ki, şənbə günü böyük təzyiq altında olacağıq və müdafiə olunmağa məcburuq. Amma komandada ailə mühiti var. Hər zaman bir-birimizə kömək etməyə və mübarizə aparmağa hazırıq. Hər kəs bilir ki, son transfer dövründə yeni futbolçularla güclənməmişik. Amma bütün bunlar bizi daha güclü olmağa məcbur etdi. Bütün mövsümü yaxşı keçirdik, kim meydanda oldusa, o, ən yaxşısını etdi.
- “Liverpul”dakı futbolçularla danışığınız olub?
- “Barselona” üzərindəki qələbədən sonra Cordan Hendersona yazdım. Onu qələbə münasibətiylə təbrik edib, bunun nə qədər inanılmaz olduğunu izah etdim. O da növbəti gün üçün mənə uğurlar arzuladı. Hər şey bizim üçün yaxşı keçdi və biz son dəfə onlarla qarşılaşacağıq. Təbii ki, bir neçə gün sonra milli komandanın düşərgəsində görüşəcəyik. Birimizdə final matçındakı qələbəyə görə qürur hissi olacaq, digərimizdə isə bu olmayacaq. Amma bu, futbolun bir hissəsidir.
- Madriddə nələrin olacağını xəyal edirsiz?
- Futbolda daha yüksək motivasiya yoxdur, hər bir futbolçu uşaqlıqdan Avropada ən güclü olmağı arzu edir. Finalda olmağım, bu klubun hissəsi olmağım qeyri-adi bir şeydir. Əlbəttə, şənbə günü kubok qaldırmaq istəyirəm. Bunu xəyal edirəm. Bizi bu uğurdan sadəcə bir oyun ayırır və hər şeyin öz əlimizdə olduğunu başa düşürük. Ən vacibi isə oyuna köklənməkdir.
Hazırladı: Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin