Bir həştəqin yaşıl meydandakı təcəssümü
Dünən 19 yaşadək futbolçular arasında keçirilən Gənclər Liqasının yeni qalibi bəlli oldu. “Sabah” “Kəpəz”i böyük hesabla məğlub edərək (5:0) vaxtından 2 tur öncə çempionluğunu təmin etdi.
“Bayquşlar” son illərdə aşağı yaş qrupları üzrə liqalarda rəqib tanımasa da, bu yaş qrupunda ilk çempionluqlarını yaşadılar. “Sabah” bu çempionluqla həm də, illərlə Gənclər Liqasında çempionluğu heç kimə verməyən “Qəbələ”nin hegemonluğuna son qoydu. Əslində, yuxarıda qeyd edildiyi kimi, “Sabah”ın bundan öncəki illərdə daha aşağı yaş qruplarında qazandığı uğurları nəzərə alsaq, Gənclər Liqasıdakı çempionluq tam məntiqəuyğun görünür. Geriyə boylanıb, cəmi 7 yaşı olan, 6 illik akademiyaya sahib klubun uşaq futbolunda keçdiyi yola “əhsən” deməmək mümkün deyil. Klub yaradılarkən “Sabah” adının seçilməsi, ölkə futbolunun sabahı olmağa iddia etməsi bəlkə də, həmin anda o qədər də ciddi qəbul olunmamışdı. Amma son illərdə uşaq futbolunda davamlı və mütəmadi olaraq davam edən uğurlar bu ad seçiminin heç də kağız üzərində pafoslu iddia yox, uzunmüddətli strategiyaya söykənən məntiqli seçim olduğunu göstərir.
“Sabah” bu mərtəbəyə birdən yox, pillə-pillə qalxmağı seçdi. Mütəmadi olaraq aparılan seleksiyalarla ölkənin ən yaxşılarının akademiyaya cəlb edilməsi, akademiyanın futbolçu və məşqçi heyəti üçün ən yaxşı şəraitin yaradılması, xarici turnirlərdə davamlı olaraq iştirakın təmin edilməsi ilə vacib olan təcrübənin toplanmasına nail olunması və s. “Bir akademiyanın inkişafı üçün nə lazımdır” sualına “Sabah” son illərdəki siyasəti ilə tam olmasa da, qismən cavab verməkdədir.
Diqqətli və əhatəli seleksiya: Bu gün “Sabah” ən yaxşı seleksiyaya malik futbol akademiyalarından biridir desək, yəqin ki yanılmarıq. Akademiya seçim dairəsini müəyyənləşdirərkən sadəcə təmsil etdiyi Bakı və ətraf kəndlərlə kifayətlənmir, uzaq rayonlara da seleksiya səfərləri təşkil edir. Elə cəmi bir neçə gün öncə akademiya seleksiya xarakterli növbəti bölgə səfərini elan etdi – Tərtər rayonu və ətraf bölgələr.
Yaxşı infrastruktur: “Sabah” Futbol Akademiyası artıq ikinci mövsümdür ki tam olaraq “ASK Arena”da məskunlaşıb ki, bu da akademiyanın bir mərkəzdən və daha rahat idarə edilməsini təmin edir. Düzdür, “Sabah” Futbol Akademiyası bu sahə üzrə hələ çox inkişaf etməlidir. “Şəfa”da məskunlaşmaq günü qurtarsa da, uzaq perspektivli strategiyada heç də uğurlu çıxış yolu kimi görünmür. Buna görə, klub tezliklə özünün yeni, müasir tələblərə cavab verən akademiyasını tikməlidir. Hazırda olan qeyri-rəsmi məlumatlara görə, bu istiqamətdə də işlər getməkdədir.
Xarici turnirlərdə iştirak: “Sabah”ın aşağı yaş qrupları mütəmadi olaraq xaricdə təşkil edilən müxtəlif turnirlərdə iştirak edir. Akademiyanın komandalarının sorağı gah Belarusdan gəlir, gah Gürcüstandan, gah Türkiyədən, gah da uzaq İtaliyadan. Bu cür turnirlərin uşaqların inkişafındakı rolundan ətraflı danışmaq isə artıq olardı. Az qala hər 1-2 aydan bir “Sabah”ın aşağı yaş qruplarının hansısa xaricdəki turnirdə iştirakıyla bağlı məlumat yayılır.
Maliyyə: Ölkədə hamı futbolun inkişafı yolunda uşaq futboluna diqqətin ayrılmasının vacibliyindən ağız dolusu danışır. Amma təəssüf ki, əksəriyyət məhz yalnız danışır. İş görənlər isə çox azdır. İş diqqət tələb edir, diqqət isə maliyyə. Təəssüf ki, Azərbaycanda çox az klub büdcəsindən akademiyaya ciddi bir məbləğin xərclənməsinə razılıq verir. “Sabah” isə bu baxımdan çox səxavətli görünür. İstər xarici turnirlərdə iştirak, istərsə də “ASK Arena” kimi futbol bazasının icarəsi heç də az maliyyə xərci tutmasa da, klub bu pulu xərcləməkdən çəkinmir, gələcəyinə investisiya yatırır.
“Sabah”ın çempionluğunda diqqət çəkən digər bir məqam isə akademiyada özülün böyük ölçüdə qorunmasıdır. Təsəvvür edin, dünən çempionluğu qeyd edən heyətin yarıdan çoxu akademiya ilk qurulduğu 2018/19-cu il mövsümündə akademiyanın U-12, U-13 komandasının üzvləri idi. Akademiya bu uşaqları öz sıralarında saxlayaraq illərlə, addım-addım məhz bu gün üçün yetişdirdi. Məqsədli, planlı iş məhz belə də olmalıdır.
P.S. “Sabah”ın sosial şəbəkə hesablarında hətta əsas komandanın uduzduğu oyunlardan sonra belə paylaşılan bir həştəq həmişə diqqətimi çəkib – #sabahbizik. Bəlkə də, bu həştəq bir çoxuna bir qədər iddialı və bəlkə, mənasız ambisiya kimi görünürdü. Amma “Sabah”ın U-19 komandasının dünənki qələbəsi bu həştəqin yaşıl meydandakı təcəssümü idi.
P.P.S. Görülən işlər, hazırda gəlinən mövqe nə qədər ümidverici olsa da, dayanmaq olmaz. İndi “Sabah”ı akademiya səviyyəsində daha bir ciddi sınaq gözləyir: UEFA Gənclər Liqası. Klub ölkə səviyyəsində olan inkişafını Avropa arenasında da ortaya qoymalı, görülən məqsədyönlü işlərin yalnız ölkə daxili ilə çərçivələnmədiyini sübut etməlidir.
Uğur
Bizi Facebook-da izləyin