“İndi hər il düşünürəm ki, bəlkə də, bu, karyeramın son ilidir” – Pike
“Barselona”nın müdafiəçisi Jerar Pike “Mançester Yunayted”də keçirdiyi vaxtlar və karyerası ilə bağlı danışıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ispan futbolçu, karyerasının “qırmızı şeytanlar”dakı hissəsinin böyük təcrübə olduğunu bildirib:
“Mançester Yunayted”də keçirdiyim dörd ildən sonra dostlarımdan ayrılmaq çətin oldu. Eyni zamanda, bu, mənim üçün çox böyük təcrübə oldu. Bir futbolçu kimi orda çox böyüdüm, inkişaf etdim. Çox oynamaq imkanı qazanmasam da, bu klubun sayəsində özümü tapdım. Mənim orda oynadığım mövqedə həmin vaxt dünyanın ən yaxşı müdafiəçilərindən olan Rio Ferdinand və Nemanya Vidiç də vardı. Amma istənilən halda, “Barselona”da olmaq və belə bir karyera qurmaq çox xoşdur və bununla qürur duyuram.
İndi hər il düşünürəm ki, bəlkə də, bu, karyeramın son ilidir. Özümü əlimdən gələn qədər futbola həsr etmək, karyeramı ən yaxşı şəkildə bitirmək istəyirəm. Amma “Barselona”da xoşbəxtəm”.
Pike 2004-2008-ci illərdə “Mançester Yunayted”in şərəfini qoruyub.
Bizi Facebook-da izləyin