“Bilirəm, dünən qaçırdığım imkanlara görə məni qınayırlar” – “Araz-Naxçıvan”ın futbolçusu

“Səbail”ə qalib gəlsəydik, ikinci pilləyə yüksələcəkdik. Yadıma düşəndə heyifsilənirəm”.

Komanda.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev “Səbail”ə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının 7-ci turunun oyunu barədə danışarkən deyib.

Klubun mətbuat xidmətinə fikirlərini bölüşən 27 yaşlı hücumçu nəticəyə görə məyus olduğunu bildirib:

“Maraqlı qarşılaşma oldu. “Araz-Naxçıvan” Premyer Liqaya bu il yüksəlsə də, oyun planında yaxşı mənada hər kəsi təəccübləndirir. Oyunu meydanın rəqibə aid hissəsində keçirməyə çalışırıq. Qol vurmaq üçün epizodlarımız çox oldu. Onların hansısa birindən düzgün istifadə edə bilsəydik, nəticə fərqli olacaqdı. Təəssüf ki, üstün oynadığımız görüşdə uduzduq. Futbolun bu tərəfi də var”.

O, məğlubiyyətə görə özünü də günahlandırıb:

“Fərqlənmək üçün epizod hər zaman olur. Mən də yaxaladığım qol vəziyyətlərini dəyərləndirməyi hamıdan çox istəyirdim. Bilirəm, dünən qaçırdığım imkanlara görə məni qınayırlar. Özüm də pis olmuşam. Anlayıram ki, hər şeyi dəyişə bilərdim. Əslində epizodlar zamanı tələsmirdim. Birinci vəziyyət zamanı cərimə meydançasında zərbə vurmaq istədim, alınmadı. Sonrakı imkanda uzaq küncü nişan almağa çalışdım, bu dəfə də məqsədimə çata bilmədim, top qapıçıya dəydi. Təəssüflənməmək olmur”.

Əliyev 8-ci turda “Zirə” ilə keçiləcək matça da toxunub:

“Bu gün bərpa məşqi keçdik. Oyunun hazırlığına sabahdan başlayacağıq. “Zirə” güclü rəqibdir. Birinci yerdə qərarlaşmaları təsadüfi deyil. Yaxşı hazırlaşmalıyıq ki, qələbə qazanaq. Şansımız var. Ümumiyyətlə, biz heç vaxt meydana çıxanda heç-heçə haqda düşünməmişik. Baş məşqçi hər zaman qələbə istəyir. Onun oyun fəlsəfəsi budur. “Neftçi” və ya “Qarabağ”la matçlarda da məqsəd eyni olub. Biz də onun tapşırığını yerinə yetirməyə çalışırıq. Yaxşı çıxışı nəticəyə daşımalıyıq. Çünki xalı oyuna deyil, nəticəyə görə verirlər”.

Premyer Liqanın ilk 7 turunda 3 qol vuran forvard bunun asan başa gəlmədiyini vurğulayıb:

“Birinci divizionda da qol vurmaq asan deyildi. Düzdür, Premyer Liqa ilə aşağı dəstəni müqayisə etmək olmaz. Sadəcə, öz üzərində çox çalışmalısan. O qədər çalışmalısan ki, cərimə meydançasında qərarı tez və düzgün verməyi bacarasan”.

“Araz-Naxçıvan” – “Zirə” oyunu oktyabrın 1-də “Dalğa Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button