“Beynəlxalq səviyyəli oyunlardan bu cür səhvləri bağışlamırlar”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İsveçrə ilə oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:
“Müəyyən səbəblərdən üç oyunçumuzun xidmətindən istifadə edə bilmədik. Təbii ki, bu amil oyunun keyfiyyətinə mənfi mənada öz təsirini göstərirdi. Oyunun gedişində yorğun olan futbolçuları əvəz etmək işimizi çətinləşdirirdi. Heyətdə ilk dəfə oynayan gənc oyunçularımız vardı. Meydanın mərkəzində topa nəzarət edib rəqibin oyun qurmasının qarşısını ala bildik. Hesabda irəli çıxdıqdan sonra əks-hücumlarla təhlükəli epizodlar yaratmağı bacardıq. İkinci hissədə rəqibin daha istəkli olacağını bilirdik. Belə də oldu və fasilədən sonra hesabı bərabərləşdirdilər. Xüsusən, son 10 dəqiqədə futbolçulara daha diqqətli olmalarını tapşırdım. Təəssüf ki, ardıcıl iki oyundur son dəqiqədə qol buraxaraq məğlub oluruq. Beynəlxalq səviyyəli oyunlardan bu cür səhvləri bağışlamırlar. Prinsipcə oyundan razı qalsam da, nəticədən narazıyam. Bu gün biz xal itirdik”.
Bizi Facebook-da izləyin