Beynəlxalq futbol qurumları Avropa Super Liqasını tanımaqdan imtina etdi

FİFA rəsmi saytında Avropa Super Liqasının yaradılacağı xəbərləri ilə bağlı bəyanat yayıb.

Komanda.az xəbər verir ki, açıqlamada ali futbol qurumu, həmçinin təşkilatın tərkibinə daxil olan UEFA, Asiya Futbol Konfederasiyası, Afrika Futbol Konfederasiyası, Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyası (CONCACAF), Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) və Okeaniya Futbol Konfederasiyasının sözügedən turniri tanımayacağı bildirilib.

“Orada iştirak edən hər hansı klub və ya oyunçuya FİFA və digər altı konfederasiyanın bayrağı altında yarışmağa icazə verilməyəcək”, – qeyd olunub.

Bəyanatı FİFA prezidenti Canni İnfantino, UEFA prezidenti Aleksander Çeferin, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn İbrahim Əl Xəlifə, Afrika Futbol Konfederasiyasının prezidenti Konstan Omari, CONCACAF-ın prezidenti Vittorio Montalyani, CONMEBOL-un prezidenti Alexandro Dominges və Okeaniya Futbol Konfederasiyasının prezidenti Lambert Meltok imzalayıblar.