“Beşiktaş”ın futbolçusu rəsmən “Reyncers”də
Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Rıdvan Yılmaz “Beşiktaş”dan ayrılıb.
Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonra karyerasını Şotlandiyanın “Reyncers” klubunda davam etdirəcək. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Sol cinah müdafiəçisi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
“Reyncers” bu transfer üçün “Beşiktaş”a 4 milyon avro ödəyib. Bonuslarla bu məbləğ 6.2 milyon avroya qədər yüksələ bilər. Həmçinin futbolçunun gələcəkdəki satışından da 20 faiz pay Türkiyə klubuna çatacaq.
Rıdvan Yılmaz “Beşiktaş”ın öz yetirməsidir. O, 2019-cu ildən İstanbul klubunun əsas komandasında forma geyinməyə başlamışdı. Gənc futbolçu geridə qalan mövsümdə meydana çıxdığı 33 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi bu komandada keçirdiyi 4 mövsüm ərzində bütövlükdə 62 oyun keçirib, 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin